Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində parlaq və qeyd-şərtsiz qələbəsi XX-XXİ əsrlər tarixinin ən qanlı və faciəvi hadisələrindən biri - Ermənistanla uzun sürən münaqişəyə böyük nida işarəsi qoydu.

2020-ci ilin sentyabrından noyabrına qədər 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistan ordusunu sarsıdıcı məğlubiyyətə uğratmış, onu darmadağın və faktiki olaraq məhv etmişdir.

Ermənistan kapitulyasiya etdi ki, bu da Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamaqla Azərbaycana qarşı həyata keçirdiyi təcavüz siyasətinin məntiqi nəticəsi oldu.
2021-ci ilin fevral ayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri.

Ermənilərin ərazi iddiaları müharibəyə doğru atılmış addımdır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanmasına erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları səbəb olmuşdu. Ermənistan SSR-in rəhbərliyi, Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Azərbaycan SSR-in tərkibində yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV-nin) ondan qopardılaraq Ermənistan SSR-ə birləşdirilməsi üçün məqsədyönlü hərəkətə keçmişdi.

1987-ci ilin sonlarından etibarən İrəvan xanlığının tarixi torpaqlarında yaranmış Ermənistan ərazisindən azərbaycanlıların növbəti, XX əsrdə sayca üçüncü deportasiyası başlanmışdı. Azərbaycanlıların öz doğma torpaqlarından qovulması prosesi xüsusi qəddarlıqla müşayiət olunurdu. Ümumilikdə 250 mindən çox azərbaycanlı Ermənistandan zorla qovulmuşdu.

13 fevral 1988-ci il tarixində ermənilər DQMV-nin mərkəzində - Xankəndi şəhərində (o vaxtlar Stepanakert adlanırdı) ilk mitinq keçirmiş, Qarabağın Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsini tələb etmişdilər.
Bunun fonunda 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetində erməni deputatlar muxtar vilayətin Ermənistan SSR-ə birləşdirilməsinin lehinə səs verdilər. Azərbaycanlı və digər millətlərdən olan deputatlar iclasda iştirak etməmişdi. Bir gün sonra, fevralın 21-də isə Sov.İKP Mərkəzi Komitəsi "Dağlıq Qarabağ hadisələri haqqında" qərar çıxarmış və bu sənəddə Vilayət Sovetinin qərarı "millətçi elementlər tərəfindən təhrik edilmiş" aksiya adlandırılmışdı.

Fevralın 22-də hadisələr daha da faciəvi xarakter aldı - Xankəndi-Ağdam şosesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə iki azərbaycanlı gənc həlak oldu.

Martın əvvəlində DQMV Ermənistana birləşdirməyi qarşısına məqsəd qoyan "Qarabağ" təşkilatı Ermənistanın paytaxtında – tarixi Azərbaycan şəhəri olan İrəvanda, "Krunk" təşkilatı isə Xankəndidə fəaliyyətə başladı.

İyunun 14-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə "daxil edilməsi" haqqında qərar qəbul etdi. Buna etiraz əlaməti olaraq iyunun 17-də Azərbaycan SSR Ali Soveti DQMV-nin Azərbaycan SSR-in tərkibinə daxil olduğunu bir daha təsdiq etdi. İyulun 18-də isə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin qeyri-mümkünlüyü haqqında qərar qəbul etdi. Bununla da SSRİ Ali Soveti ölkə Konstitusiyasının müvafiq müddəasını rəhbər tutaraq, respublikaların ərazi bütövlüyü prinsipini müdafiə etdi.

SSRİ-nin ümumi dövlət strukturu zəiflədikcə, regionda vəziyyət getdikcə daha da pisləşirdi.

Ermənistan Azərbaycan ərazisinin bir hissəsini nəyin bahasına olursa-olsun ələ keçirməyə çalışırdı; Azərbaycana qarşı ərazi iddiaları təkcə millətçi qruplar tərəfindən deyil, Ermənistanın dövlət strukturları tərəfindən də irəli sürülürdü.

Ermənistan SSR Ali Sovetinin qərarları Ermənistanın təcavüzkar mahiyyətini açıq şəkildə nümayiş etdirirdi. 1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti "Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında" qərar qəbul etmiş, 1990-cı il yanvarın 9-da isə "DQMV-nin sosial-iqtisadi inkişaf planı"nı "Ermənistan SSR-in 1990-cı il üçün planı"na daxil etmişdi.

1991-ci ilin avqust hadisələrindən sonra yaranmış yeni siyasi reallıq Sovet hakimiyyətinin sona çatdığını nümayiş etdirdi. 1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kəndi) rayonu hüdudlarında qondarma "Dağlıq Qarabağ respublikası" elan edildi, dekabrın 10-da isə yalançı "referendum" keçirildi.

Azərbaycan Respublikasının Ali Soveti cavab tədbiri olaraq 1991-ci il noyabrın 26-da Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi.

O vaxta qədər açıq formada ərazi iddiaları ilə çıxış edən Ermənistan müharibə elan etmədən Azərbaycana qarşı hərbi əməliyyatlara başladı. Bununla da münaqişə yeni, "qaynar mərhələ"yə keçdi.

90-cı illərdə müharibə və məhrumiyyətlər
Təcavüz kampaniyasının həyata keçirildiyi dövrdə erməni silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan dinc Azərbaycan əhalisinə amansız divan tuturdular. İşğalçı qüvvələrin nəzarəti altına keçən kəndlərin əliyalın sakinləri soyqırımı aktlarının qurbanı olurdular; bununla da Ermənistan hərbi-siyasi rəhbərliyi azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki olaraq məhv etmək, qalan hissəsinin isə müqavimətini qırmaq və regionu azərbaycanlılardan təmizləmək məqsədi güdürdü. Erməni işğalçıları görünməmiş qəddarlıqla azərbaycanlıların müqavimət əzmini qırmağa, gələcək hərbi əməliyyatlar zamanı psixoloji üstünlüyə nail olmağa çalışırdılar.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün qanlı kulminasiya nöqtəsi Xocalı soyqırımı oldu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun 366-cı motoatıcı piyada alayının bilavasitə iştirakı və qeyri-qanuni silahlı dəstələrin və birləşmələrin dəstəyi ilə şəhəri ələ keçirmiş, şəhər sakinlərinə qarşı dəhşətli kütləvi qırğın törətmişdi.

Xocalıya hücum üçün 10 tank, 16 zirehli transportyor, 9 piyada döyüş maşını cəlb edilmişdi. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın sakin mühasirədən çıxmaq ümidi ilə şəhəri tərk etməyə çalışırdılar. Lakin onların ümidi boşa çıxdı: qaçanlar erməni postlarından atəşə tutulur və yaxud əsir götürülürdülər. Dağ massivləri vasitəsilə qaçmağa çalışanlar, əsasən qadın və uşaqlar donvurma nəticəsində öldülər. Azərbaycanın nəzarətində olan ən yaxın əraziyə – Ağdam şəhərinə çox az sayda adam gəlib çıxa bildi.
613 nəfər qanlı qırğınların qurbanı oldu, onların arasında:

- 63 uşaq;

- 106 qadın;

- 70 ahıl var idi.
Kütləvi qırğın nəticəsində:

- 8 ailə tamamilə məhv edilmiş;

- 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmiş;

- 27 ailədə yalnız 1 nəfər sağ qalmış;

- 26 uşaq hər iki valideynini itirmiş;

- 130 uşaq valideynlərindən birini itirmiş;

- 230 ailə öz ailə başçısını itirmiş;

- 76-sı uşaq olmaqla 487 nəfər əlil olmuş;

- 1275 nəfər əsir götürülmüş;

- 1165 girov azad edilmişdir;

- 150 nəfərin taleyi isə hələ də məlum deyil.
Xocalı hadisələri Ermənistan Respublikasının gələcək prezidenti Serj Sarqsyanın qeyri-qanuni separatçı rejimin "Özünümüdafiə qüvvələri Komitəsi"nə rəhbərlik etdiyi dövrdə baş vermişdi və dolayısı ilə onun xatirələri Ermənistan tərəfinin hərbi cinayətlərinin ən mühüm sübutlarından biridir.
Jurnalistin yüzlərlə insanın ölümünə görə təəssüflənib-təəssüflənmədiyi barədə sualına cavabında Sarqsyan çəkinmədən belə deyib: "Mən heç nədən peşman deyiləm", çünki "bu cür təlatümlər, hətta minlərlə insanın həyatı bahasına belə, zəruridir".

Ermənistanda ali siyasi və hərbi vəzifə tutmuş bir insanın dilindən bu cür sözlər özü hər şeyi açıqlayır və münaqişə dövründə dinc azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə Ermənistanın məsuliyyətini inkar etmək cəhdlərini zərərsizləşdirir.
"Xocalı soyqırımından əvvəl azərbaycanlılar elə bilirdilər ki, bütün bunlar zarafatdır, onlar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməzlər. Biz bu [stereotip xarakterli] fikri təkzib edə bildik. Hər şey məhz belə idi". *

* Sarqsyan britaniyalı publisist Tomas de Vaala müsahibəsində.

Serj Sarqsyan
Xocalı soyqırımı bəşər tarixində ən dəhşətli cinayətlərdən biridir, lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün yeganə irimiqyaslı və qanlı epizodu deyil.

1992-ci il avqustun 28-də erməni işğalçıları insanlığa qarşı növbəti cinayəti törətdilər - Goranboy rayonunun Ballıqaya kəndində 24 dinc azərbaycanlı amansızcasına qətlə yetirildi. Onların arasında 93 yaşlı qadın, həmçinin altı azyaşlı uşaq, o cümlədən altı aylıq körpə var idi. Əsasən uşaqlar, qadınlar və ahıllardan ibarət öldürülənlərin bəzilərinin meyitləri yandırılmışdı. Soyqırımı nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirmişdi.

İşğal zamanı ermənilər Azərbaycanın bir çox digər qəsəbələrində – Cəmilli, Meşəli, Kərkicahan, Malıbəyli, Qaradağlı, Ağdaban kəndlərində də kütləvi qırğınlar törətmişdilər…

Millətin xilası
Həmin dövrdə Azərbaycanda yaranmış siyasi şərait bu vəziyyəti daha da mürəkkəbləşdirirdi. Güclü siyasi lider olmadığı üçün respublikada xaos, özbaşınalıq və anarxiya hökm sürürdü. Dövlət qurumlarının işinin iflic olması, iqtisadi böhran, vətəndaş müharibəsi təhlükəsi ölkəni faktiki olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
90-cı illərin əvvəllərində Azərbaycan Ordusunun əsgərləri
Həmin vaxt Azərbaycan xalqının görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin siyasətdən uzaqlaşdırılması münaqişənin dərinləşməsinə bilavasitə təsir göstərdi, Ermənistan tərəfi də məhz buna nail olmağa çalışırdı.

Belə bir kritik məqamda Azərbaycan xalqı özünə xas müdrikliklə öz xilas yolunu dahi oğlu, təcrübəli dövlət xadimi Heydər Əliyevdə gördü. Azərbaycan xalqı aydın görürdü ki, onu faciəvi sondan ancaq Heydər Əliyev xilas edə bilər. Buna görə də ölkənin gələcək taleyini ona etibar edərək, onun üzərinə tarixi missiya qoydu.
Ümummilli lider Heydər Əliyevin Bakıya qayıdışı
Bundan sonra Azərbaycanda bütün qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi, vətəndaş müharibəsinin qarşısı alındı. Ölkədə sabitlik və inkişaf dövrü başladı. Məhz həmin illərdə siyasi, iqtisadi islahatların aparılmasına start verən çox mühüm qərarlar qəbul edildi. Azərbaycanın demokratik respublika kimi inkişafı üçün strateji məqsəd müəyyən edildi, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, dövlətin ideoloji əsasları qoyuldu. İqtisadi sahədə də irimiqyaslı islahatlar aparılmağa başladı - əsas prinsip kimi bazar iqtisadiyyatı qəbul edildi.

Azərbaycan informasiya blokadasını yarmağa müvəffəq oldu, nüfuzlu beynəlxalq təşkilatlara üzv seçildi. Sonradan həmin təşkilatlar Azərbaycanın birmənalı şəkildə ərazi bütövlüyünü tanıyan və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən mühüm qərar və qətnamələr qəbul etdi.
Ümummilli lider Heydər Əliyev və İlham Əliyev məcburi köçkünlərlə.
Ümummilli liderin ən böyük arzusu Qarabağı düşmən işğalından azad etmək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi. O, əmin idi ki, yalnız güclü, həqiqətən müstəqil, dünyada yüksək nüfuz qazanmış Azərbaycan münaqişənin ədalətli şəkildə həll edilməsinə nail ola biləcəkdir. Uzun illər əvvəl Heydər Əliyev böyük uzaqgörənliklə demişdi: "Biz Qarabağ məsələsini həll edəcəyik. Bizə vaxt lazımdır. Heç kəs Azərbaycanın torpağını əlindən ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır. Nəyin bahasına olursa-olsun".

Şanlı Qələbə
Ulu öndərin arzusunu onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi. Məhz onun rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı erməni işğalından azad etdi.
Prezident İlham Əliyev Azərbaycanın qədim Şuşa şəhərində Vaqifin məqbərəsini ziyarət edərkən Ümummilli lider Heydər Əliyevin həmin binada ondan bir neçə onilliklər əvvəl çəkilmiş fotoşəklini nümayiş etdirir.
Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa edərək və bununla da regionda geosiyasi vəziyyəti tamamilə dəyişərək bu məsələni özü həll etdi. Bundan əvvəl münaqişənin sülh yolu ilə həlli istiqamətində uzun illər davam edən danışıqlar prosesi olub – bu danışıqların nəticəsiz olmasının səbəbi isə münaqişənin dondurulmasına çalışan Ermənistanın destruktiv mövqeyi və ATƏT-in Minsk qrupu və onun həmsədrləri ABŞ, Fransa və Rusiyanın timsalında beynəlxalq vasitəçilərin qeyri-müəyyən yanaşmaları idi.

İldən-ilə güclənən Azərbaycan 2016-cı ilin aprelində döyüş meydanında düşmən üzərində danılmaz üstünlüyünü sübut etdi.

Həmin zaman Ermənistan ordusunun Azərbaycana qarşı keçirdiyi genişmiqyaslı hücum nəticəsində biri körpə olmaqla altı dinc sakin qətlə yetirilmiş, 26 dinc vətəndaş yaralanmışdır.

Azərbaycan Silahlı Qüvvələri əks-hücum tədbirləri həyata keçirərək bu hücumun qarşısını aldı və işğal olunmuş torpaqların bir hissəsini işğaldan azad etdi.
2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi Köçəryan-Sarqsyan hərbi-siyasi xuntasını tarixin zibilqabına göndərməklə danışıqlar prosesinin konstruktiv məcraya qayıdacağına müəyyən ümidlər yaratdı. Lakin Baş nazir Nikol Paşinyanın timsalında Ermənistanın yeni rəhbərliyinin səsləndirdiyi bəyanatlar və atdığı addımlar heç bir şübhə doğurmurdu ki, Ermənistan işğalla bağlı status-kvonu saxlamağa və işğal olunmuş ərazilərin ilhaqına nail olmağa çalışır.

Əgər Ermənistanın əvvəlki hakimiyyətləri hərbi işğal və ilhaqçı siyasətinə görə beynəlxalq hüquqi-siyasi məsuliyyəti dərk edərək öz təcavüzkar siyasətini gizlədir, "Dağlıq Qarabağın erməni əhalisinin öz müqəddəratını təyin etməsi" haqqında bəyanatlarla onu ört-basdır etməyə çalışırdılarsa, yeni Baş nazir Nikol Paşinyan danışıqların formatını və mahiyyətini məqsədyönlü şəkildə pozaraq, Ermənistanın əsl niyyətlərini dünyaya açıq şəkildə nümayiş etdirdi.

Danışıqlar prosesinə marionet rejimini cəlb etmək çağırışları, separatçı quruluşun qondarma "parlament"ini Xankəndidən Azərbaycanın qədim Şuşa şəhərinə köçürmək niyyəti, Azərbaycanı "yeni ərazilər uğrunda yeni müharibə" ilə hədələmək cəhdi, "Qarabağ Ermənistandır, nöqtə" bəyanatı – bütün bu və digər addımlar danışıqlar prosesinə ciddi zərbə vurdu.

Azərbaycan lideri bu təxribatlara konkret cavab verdi. 2019-cu il oktyabrın 3-də "Valday" Beynəlxalq Diskussiya Klubunun illik iclasında çıxışı zamanı Azərbaycanın dövlət başçısı bəyan etdi: "Qarabağ, istər düzənlik, istərsə də Dağlıq Qarabağ bütün dünya birliyi tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınır. Ermənistan özü də bu qeyri-qanuni quruluşu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Odur ki, Qarabağ Azərbaycandır və nida işarəsi".
2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Baş nazir Nikol Paşinyanla müzakirələrdə Prezident İlham Əliyevin qazandığı daha bir parlaq qələbə Azərbaycanın Ermənistan üzərində mütləq üstünlüyünü bir daha dünyaya nümayiş etdirdi.

Azərbaycan liderinin natiqlik sənətinə qüsursuz şəkildə yiyələnməsi, yüksək diskussiya aparmaq bacarığı, polemikanın tarixini və predmetini dərindən bilməsi, hər hərəkətində hiss olunan qətiyyət, Ermənistanın Baş nazirinə qarşı "şah və mat" xarakterli istehzası Yerevanın on illərlə formalaşdırılan saxta siyasətini darmadağın etdi. Həmin debatlarda İlham Əliyevin danılmaz üstünlüyü və Nikol Paşinyanın acı məğlubiyyəti hətta erməni ekspert icması tərəfindən də qəbul edilmişdi.
Lakin Azərbaycanın diplomatik meydanda qazandığı bu qələbə Ermənistan rəhbərliyini "yuxudan oyadan" amilə çevrilmədi.

2020-ci il iyulun 12-də Ermənistan yeni təxribata – bu dəfə artıq dövlət sərhədi istiqamətində təxribata əl atdı. Azərbaycanın Tovuz rayonunun top atəşinə tutulması nəticəsində Azərbaycan hərbçiləri və 76 yaşlı dinc sakin həlak oldu, mülki infrastruktura ciddi ziyan vuruldu.

Bu təxribat üçüncü dövlətləri münaqişəyə cəlb etmək üçün gərginliyi artırmaq məqsədi daşıyırdı. Azərbaycanın bu təxribata qətiyyətli cavabı bu səyləri heçə endirdi. Ermənistan hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək, növbəti dəfə hərbi məğlubiyyətə uğradığını qəbul etmiş oldu.

Amma bu da Ermənistan tərəfi üçün dərs olmadı. 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələri müxtəlif silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eləcə də hərbi mövqelərini bir neçə istiqamətdən atəşə tutdu. Azərbaycan əks-hücum əməliyyatı ilə düşmənə layiqli cavab verdi. Düşmənin qarşısı alındı və Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində acı məğlubiyyətlə barışmağa məcbur oldu.

Döyüşlərin ilk günlərindən Azərbaycana qarşı doğma torpaqların işğaldan azad edilməsi missiyasını qaralamaq məqsədi daşıyan çirkin kampaniya aparılırdı.

Həm Ermənistan KİV-ində, həm də digər ölkələrin nəşrlərində vaxtaşırı saxta yazılar dərc edilirdi ki, onların da mahiyyəti "Türkiyə Ordusunun və xarici muzdluların Azərbaycan tərəfində döyüşlərdə iştirakı"na dair iddialardan ibarət idi.

Azərbaycanın ünvanına yalan ittihamlar bəzi dövlətlərin yüksək vəzifəli siyasətçiləri tərəfindən də səsləndirilirdi, lakin bütün bu müddət ərzində bu yanlış bəyanatları təsdiqləyən bir dənə də olsun fakt təqdim edilməyib.

Və əksinə, müharibə günlərində bəşəriyyətə qarşı cinayətlər törədən, Azərbaycanın dinc şəhər və kəndlərini raket bombardmanlarına məruz qoyan Ermənistana qarşı tək bir qınaq belə səslənmədi. Söhbət yalnız döyüş zonasına yaxın yox, həm də ondan xeyli uzaq məsafələrdə yerləşən yaşayış məntəqələrindən gedir. Ermənistan məqsədli şəkildə və qəsdən Gəncə, Bərdə, Tərtər, Naftalan, Mingəçevir, Ağcabədi kimi Azərbaycan şəhərlərinin dinc əhalisinə və mülki infrastrukturuna zərbələr endirdi.

Bu Birinci Qarabağ müharibəsi dövründə erməni tərəfinin törətdiyi müharibə cinayətlərinə bənzər bir qorxutma və terror taktikası idi. Sadəcə bu dəfə Azərbaycanın mülki əhalisinin qətliamı üçün beynəlxalq konvensiyalarla qadağan edilmiş böyük dağıdıcı gücə malik müasir silah növlərindən və raketlərdən istifadə edildi.

Erməni tərəfinin "Skad" və "Smerç" raketlərini təkcə döyüş meydanında deyil, həm də Azərbaycanın mülki əhalisinə qarşı istifadə etməsi faktları Human Rights Watch və Amnesty International beynəlxalq təşkilatları tərəfindən "amansız və düşüncəsiz hərəkət" olaraq qəbul edildi. Qeyd etmək lazımdır ki, Amnesty International Gəncə sakinlərinə ballistik raketlərdən istifadə etməklə artilleriya qurğularından atəş açılması, eyni zamanda Bərdə rayonunun kasetli bombalardan atəşə tutulması faktlarını da qeydə aldı.

Azərbaycanın yarım milyon əhaliyə malik ikinci böyük şəhəri olan, döyüş bölgəsindən 100 km-dən çox məsafədə yerləşən Gəncə 4, 8, 11 və 17 oktyabr tarixlərində dəfələrlə "Skad" raket kompleksindən atəşə tutuldu. Nəticədə 32 dinc sakin həyatını itirdi, 143 nəfər yaralandı.

Oktyabrın 28-də münaqişə bölgəsindən kənarda yerləşən və 30 min əhalisi olan Bərdə şəhərinin "Smerç" ballistik raketlərindən atəşə tutulması nəticəsində 26 nəfər həlak oldu, 90 nəfər yaralandı. Tərtər, Ağcabədi və Goranboyun rayon mərkəzlərinin atəşə tutulması praktiki olaraq 44 günlük müharibə dövründə bir gün də dayanmadı. Erməni tərəfi dəfələrlə qadağan olunmuş və son dərəcə təhlükəli olan kasetli bombalardan istifadə etdi.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc şəhərlərinə raket hücumlarının nəticələri
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 27 sentyabr 2020-ci il - 16 noyabr 2020-ci il tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı cinayətləri nəticəsində 94 nəfər ölüb, 414 nəfər isə yaralanıb. Bundan əlavə, 3410 ev və 120 çoxmənzilli bina, habelə 512 mülki obyekt yaşayış üçün yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, Azərbaycan Ordusu heç vaxt dinc erməni əhalisinə qarşı zərbələr endirməyib.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə buna işarə edib. Məsələn, 26 fevral 2021-ci il tarixdə yerli və xarici KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı zamanı Ukraynanın "İnter" telekanalının müxbirinin sualını cavablandırarkən, Azərbaycan dövlətinin başçısı mülki əhali arasında itkilərin minimuma endirilməsi məsələsini qeyd etdi.

"Biz azadlıq əməliyyatlarını həyata keçirərkən mənim Ali Baş Komandan kimi verdiyim göstərişlərdən biri bu barədə olub. Statistikaya baxsanız, bizdə olan məlumata görə qarşı tərəfin dinc əhalisi arasında itki minimum olub. Bu itkilər 40 nəfərdən azdır. Eyni zamanda, onların hərbi qulluqçuları arasında itkilər ən azı 6,5 – 7 min nəfərə çatıb. Bundan əlavə, bizim müşahidələrə görə düşmən tərəfin belə adlandırılan dinc əhalisinin çox hissəsi onlar əməliyyatlarla bağlı hərəkətlər edən vaxt həlak olublar, onlar artilleriya toplarının yaxınlığında olub, döyüş sursatları daşıyıblar və o vaxt biz bu topları məhv edərkən həmin adamlar zərər çəkiblər.

Buna görə də müharibədə dinc əhali zərər çəkməyib. Erməni tərəfi isə təəssüf ki, əksinə, bizim dinc əhaliyə maksimum zərər vurmağa çalışırdı, Gəncənin, Bərdənin, Tərtərin və digər şəhərlərin ballistik raketlərlə bombalanması buna sübutdur"- deyə, dövlət başçısı qeyd edib.

Bu şanlı günlərdə Azərbaycan təkcə döyüş meydanında deyil, həm də informasiya arenasında üstünlük nümayiş etdirirdi. Azərbaycan Prezidenti, demək olar ki hər gün öz gərgin cədvəlində nüfuzlu xarici KİV-lərə müsahibə vermək üçün vaxt ayırır, baş verənlərlə bağlı həqiqəti dünyaya çatdırır, mühüm tarixi faktları ortaya qoyur, aparıcı regional dövlətlərin cari hadisələrdəki roluna siyasi qiymət verərək, Ermənistan tərəfinin və onun havadarlarının beynəlxalq mediada yaymağa çalışdıqları mifləri darmadağın edirdi.

Azərbaycan Prezidenti hər müsahibəsində Azərbaycan tərəfinin əlində Fransa, ABŞ, Yunanıstan və digər ölkələrdən olan muzdluların, həmçinin dünyanın bir çox ölkələri, eləcə də Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınan PKK yaraqlılarının Ermənistan tərəfində döyüşlərdə iştirak etməsi barədə təkzibedilməz sübutların olduğunu deyirdi.

O, hər müsahibəsində Azərbaycanın mifik "yaraqlıları" öz tərəfinə cəlb etməyə ehtiyac duymadığını vurğulayırdı.

- Bizim güclü nizami ordumuz var, "məğlubedilməz Ermənistan ordusu" mifini darmadağın edərək qələbə dalınca qələbə qazanırıq;

- muzdlular terroru öz ideologiyasının əsaslarından birinə çevirən Ermənistana lazımdır;

- məhz Ermənistan kaset və fosforlu döyüş sursatlarından istifadə edərək Azərbaycanın cəbhə bölgəsində yerləşən kənd və şəhərlərinin dinc əhalisi arasında çoxsaylı tələfatlara səbəb olan hərbi cinayətlər törətmiş və bu fakt beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında da öz əksini tapmışdır;

- Türkiyə və digər ölkələr bizi dəstəkləyiblər, ancaq sırf siyasi və mənəvi dəstək veriblər, bu isə bizi daha da ruhlandırıb…

Azərbaycan Prezidentinin dünyanın aparıcı telekanallarında yayımlanan, dünyanın nüfuzlu informasiya agentliklərində dərc edilən və müharibənin əsl həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdıran dəqiq ismarışları budur.

Vətən müharibəsinin getdiyi hər gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları televizor qarşısında nəfəsini tutaraq Ali Baş Komandanın müraciətlərini, sosial şəbəkədə paylaşdığı qələbə tvitlərini gözləyirdilər.

2020-ci ilin dekabrında Prezident İlham Əliyevin işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına səfəri
Hər dəfə kəndlərimizin, şəhərlərimizin işğaldan azad edilməsi haqqında xəbər "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" sözləri ilə bitəndə gözlərimizdən sevinc gözyaşları axır, milyonlarla soydaşımızın qəlbində sevinc hissi baş qaldırırdı.

Həmin günlərdə bütün Azərbaycan xalqı misilsiz həmrəylik nümayiş etdirmiş, Ali Baş Komandanın və Ordumuzun ətrafında sıx birləşərək vahid ideya - doğma torpaqların işğaldan azad olunması ideyası ətrafında birləşmişdi.

Həmrəyliyin bu sarsılmaz gücü əsgər və zabitlərimizi ruhlandırır, düşməndə isə sözlə ifadə edilməyəcək dəhşətə səbəb olurdu.

Rəşadətli Azərbaycan döyüşçüləri misilsiz qəhrəmanlıqlar göstərərək, dik qayalarla qalxaraq, sıx meşələri və dərin yarğanları keçərək, bəzən üzərilərində sadəcə yüngül silah olmaqla, döyüş yoldaşlarını itirərək, torpaqlarımızı qarış-qarış mənfur düşmənin işğalından azad edirdilər. Şəhidlərimizin qanı yerdə qalmadı – 2020-ci il noyabrın 10-da, Ermənistanın kapitulyasiya sənədinə imza atdığı tarixdə Azərbaycan ədaləti bərpa etdi, doğma torpaqlarını düşmən əsarətindən azad etdi və bu müqəddəs Qələbəni xalqımızın tarixinə qızıl hərflərlə yazdı.
Prezident İlham Əliyevin Azərbaycanın qədim Şuşa şəhərinin işğaldan azad edilməsinə həsr olunmuş çıxışı.

Qaliblərin qayıdışı!
Hazırda işğaldan azad olunmuş torpaqlarda işlər gedir – burada quruculuq dövrü başlayıb. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpasını ən vacib məsələ hesab edərək, hər rayona, şəhərə, kəndə şəxsən baş çəkir, tapşırıqlarını verir və onların icrasını yoxlayır. Erməni vandalizminin dəhşətli nəticələrini nəzərə alsaq, bir vaxtlar çiçəklənən kəndlər tamamilə dağılıb, vaxtilə həyatın qaynadığı gözəl şəhərlər xarabalığa çevrilib - burada böyük işlər aparılacaq.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş Zəngilan və Qubadlı rayonlarına səfəri erməni işğalçılarının törətdikləri dağıntıların dəhşətli miqyasını nümayiş etdirdi.
Lakin proses artıq başlayıb, uzun illər davam edən işğaldan azad olunmuş rayonlarda, ilk növbədə, Birinci Qarabağ müharibəsi zamanı doğma torpaqlarından qovulmuş və erməni işğalına son qoyan Vətən müharibəsindən sonra evlərinə geri dönməyə hazırlaşan insanların təhlükəsiz, stabil, firavan həyatını təmin etmək məqsədilə irimiqyaslı infrastruktur layihələri həyata keçirilir.

Dövlət başçısının işğaldan azad olunmuş ərazilərin bərpası üzrə müvafiq dövlət proqramlarının işlənib hazırlanması ilə bağlı qərar və tapşırıqları, eləcə də Qarabağ Dirçəliş Fondunun yaradılması və "Böyük Qayıdış"ın "Azərbaycan 2030" sənədində əks olunmuş sosial-iqtisadi inkişafın 5 Milli prioriteti sırasına daxil edilməsi bu işin nə qədər böyük əhəmiyyətə malik olduğununun göstəricisidir.
Prezident İlham Əliyev 2021-ci ilin yanvarında Füzuli rayonunda aeroportun, eləcə də Füzuli-Şuşa yolunun təməlinin qoyulmasında iştirak edir.
Bu fəaliyyətin əsasını gələcəyin "ağıllı və təmiz" şəhər və kəndləri konsepsiyasının həyata keçirilməsi, yolların və kommunikasiya xətlərinin tikintisi, enerjiyə qənaət texnologiyalarının tətbiqi təşkil edir. Bütün bunlar son dərəcə vacibdir, çünki bərpa olunan iqtisadiyyat tezliklə əzəli torpaqlara qaytarılacaq və əlbəttə ki, rahat şəraitdə yaşamalı olan və zəruri olan hər şeylə təmin olunacaq insanların ehtiyaclarına hesablanmalı və cavab verməlidir.

Azərbaycanın dövlət başçısı təkcə sosial-iqtisadi ünsürləri nəzərə almır, həm də məhsuldar əmək üçün əsas şərt kimi insan kapitalına və insanın həyat keyfiyyətinin yüksəldilməsinə böyük diqqət ayırır.

"Biz bu torpaqlara qayıtdıq. Biz qəhrəman xalq, qalib dövlət kimi qayıtdıq. Biz düşmənimizi öz doğma torpaqlarımızdan qovduq. Biz dağılmış bütün şəhər və kəndlərimizi bərpa edəcəyik, buralara həyat qayıdacaq, insanlar qayıdacaqlar və böyük xalq olduğumuzu bütün dünyaya bir daha nümayiş etdirəcəyik. İndi həyatımızın yeni dövrü başlayır - quruculuq, inkişaf, torpaqlarımızın bərpası dövrü", - Azərbaycanın dövlət başçısı yeni reallıqları belə təsvir edir.
Prezident İlham Əliyevin 2021-ci ilin martında Novruz bayramı münasibətilə Azərbaycanın qədim Şuşa şəhərinə səfəri zamanı Azərbaycan xalqına müraciəti.
...Bu gün xalqımız, qalib olan xalqımız öz doğma torpaqlarına qayıdıb, qurur və yaradır, buna nəinki maddi resurslarını, həm də ruhunu qoyur ki, tezliklə burada həyat yenidən canlansın.

Bu, xalqımızın, hər birimizin mənəvi borcudur!

Oxumağı tövsiyə edirik: