Mehriban Əliyeva
İdeya müəllifi
Karabakh.Center layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmışdır.
Əziz oxucu!

2020-ci il həqiqətən də Azərbaycanı "Vətənim" adlandıran hər kəs üçün tarixi il oldu.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbə təkcə Azərbaycanın təcavüzkar ölkə üzərində tam üstünlüyünün sübutu deyil, həm də Azərbaycan xalqının bütün dünyaya özünəməxsus mesajıdır: "Bütün məhrumiyyət və çətinliklərə baxmayaraq, biz ədalətsizliklə barışmamışıq və milli maraqlarımızı qorumaq üçün "Dəmir yumruq" kimi birləşmişik".

Şanlı Qələbə Azərbaycan Respublikasının Qarabağ regionunun uzun illər davam edən işğalına son qoydu və Ermənistanın təcavüzü nəticəsində evlərini tərk etməli olmuş 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına imkan yaratdı.

Torpaqların işğaldan azad edilməsi humanitar fəlakətlə yanaşı, Qarabağda dağıntıların miqyasının necə böyük olmasını, yüzlərlə yaşayış məntəqəsinin və minlərlə tikilinin erməni işğalçıları tərəfindən yer üzündən demək olar ki, tamamilə silindiyi də üzə çıxardı.

Zərər yalnız maddi obyektlərlə, tarixi abidələrlə və memarlıq inciləri ilə məhdudlaşmır.

Təbii sərvətlərin amansızcasına istismar olunması, meşələrin qırılması, çay və göllərin çirkləndirilməsi nəticəsində regionun ekologiyasına böyük zərər vurulmuşdur.

Qarabağ Dirçəliş Fondunun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirdiyi "Karabakh.Center" layihəsi Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılmışdır.

Bu internet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır.
Qarabağda dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10,000-dən çox fotoşəkli və video görüntüləri bu saytda yer alır
Diqqətinizə çatdırdığımız internet resursunda əvvəllər işğal altında olan ərazilərdə yerləşən dağıdılmış və ciddi ziyan dəymiş obyektlərin 10,000-dən çox fotoşəkli və video görüntüləri yer alır.

Bütün fotoşəkilləri və videoları saytın "Urbisid" bölməsində tapmaq mümkündür.

Burada memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə tanış olmaq mümkündür ki, bu da vaxtilə çiçəklənən bu diyarın əvvəlki görkəmi ilə erməni işğalının fəlakətli nəticələri arasındakı təzadı görməyə imkan verir.
"Münaqişə""Cinayət" bölmələrində Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı peşəkar tədqiqatçı və jurnalistlər tərəfindən hazırlanmış eksklüziv analitik materiallar və tarixi sənədlər oxuculara təqdim olunur.

İnternet resursunun məzmunu üzərində iş davam etdiriləcək, veb-sayt mütəmadi olaraq əlavə edilən yeni foto-materiallarla və analitik məqalələrlə yenilənəcəkdir.

Dilbər guşəmiz olan Qarabağı dirçəldəcək bərpa işlərinə həsr olunmuş materiallara xüsusi yer veriləcəkdir.

Fürsətdən istifadə edərək, Qarabağ Dirçəliş Fondu adından bu internet resursunun yaradılmasının təşəbbüskarı olan möhtərəm Mehriban xanım Əliyevaya göstərdiyi etimada görə dərin minnətdarlığımızı bildirmək istərdik.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə çəkilmiş fotoşəkillərin böyük bazasına çıxış təmin edən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) də minnətdarlığımızı bildiririk.

Nəzərinizə çatdıraq ki, "Azərbaycan Televiziya və Radio verilişləri" QSC-nin (AZTV) bu yaxınlarda dağılmış obyektlərin havadan çəkilmiş videokadrları da tezliklə sayta yüklənəcək. Azad edilmiş ərazilərdə erməni vandalizminin miqyasının müəyyən edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edən həmin videokadrları bizə təqdim etdiyi üçün sözügedən telekanala təşəkkürümüzü bildiririk.

Sonda qeyd edim ki, bu internet resursu heç şübhəsiz ki, həm Cənubi Qafqaz mövzusu ilə maraqlanan geniş auditoriyanın, həm də burada təkcə maraqlı tədqiqat işləri deyil, eləcə də bizim "Kitabxana"da mövcud olan çoxsaylı orijinal mənbələr (o cümlədən arxiv sənədləri, kitablar, hesabatlar və s.) tapacaq peşəkar ekspert icmasının nümayəndələrinin diqqətini cəlb edəcəkdir.

Sonda Azərbaycan xalqının şüarına çevrilən, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sözlərindən sitat gətirmək istərdim: "Qarabağ Azərbaycandır!"

Hörmətlə,

Rəhman Hacıyev

Qarabağ Dirçəliş Fondunun

İdarə Heyətinin Sədri

Tərəfdaşlar:
AZƏRTAC
Azərbaycan Dövlət Xəbər Agentliyi
Foto materiallar
AZTV
"Azərbaycan Televiziya və Radio Yayımları" QSC
Video materiallar
Digitalks
Veb studiya
Veb-saytın dizaynı və yaradılması