Urbisid
Tuğ
Urbisid
Qarabağ məliklərinin başkəndi Tuğu birlikdə bərpa edək!
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Xocavəndin Tuğ kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Erməni barbarları tək kənddəki evlərə və digər tikililərə deyil, onun təbiətinə də ciddi ziyan vurublar.
Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400–1500 m yüksəklikdə yerləşən kənddə işğaldan əvvəl 125 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana və s.var idi.
Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizağ nаhiyəsinin Haderud kəndi olaraq keçir. Qarabağ xanlığı dövründə Dizaq mahalının başkəndi Tuğ şenliyi idi. Dizaq mahalını məliklər idarə edirdilər. Atadan oğula irsi keçən məliklik məhdud səlahiyyətli vəzifə idi. Məliklər öncə bəylərbəyindən, sonra isə Qarabağ xanından asılı idilər.
Tuğ kəndində yerləşən, XII-XIII əsrə aid olan Müqəddəs İohann kilsəsi tarix-memarlıq abidəsi olaraq Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. Azərbaycanda və dünyada məşhur olan Azıx və Tağlar mağaraları da Tuğ kəndi yaxınlığındadır.
1991-ci il oktyabr ayının 30-dan 31-nə keçən gecə Tuğ kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci il noyabr ayının 9-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilən Tuğ kəndinin bərpası böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Tuğ kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış digər yaşayış məntəqələrimiz kimi Tuğ kəndinin də bərpa edilməsi nəzərdə tutulur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.
İanə edək, Qarabağ məliklərinin baş kəndi olmuş Tuğ kəndinə yeni həyat verək, Qarabağımızı birlikdə dirçəldək!