Urbisid
İstisu
Urbisid
Ermənilərin dağıtdığı İstisu yenidən insanlara şəfa verəcək
Kəlbəcər rayonu ancaq gözəl təbiəti, zəngin fauna və florası, faydalı qazıntıları ilə deyil, həm də xəstələrə şəfa verən mineral suları ilə məşhurdur. Müalicəvi əhəmiyyətinə görə seçilən İstisu isə nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından kənarda da böyük şöhrət qazanıb.
İstisu mineral bulaqları Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarında, dəniz səviyyəsindən 2225 metr yüksəklikdə yerləşir. 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması və çatlaması nəticəsində əmələ gəlib.
İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir. Onlardan biri 8 metrədək hündürlükdə fəvvarə vurur. Bu bulaqlar özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Hərarəti +60 dərəcəni keçən suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və s. kimyəvi maddələrlə zəngindir.
Tərkibi faydalı minerallarla zəngin olduğu üçün sağlamlıq baxımından əhəmiyyəti böyükdür. Həmin sularla insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. Buna görə də İstisu bulağı ətrafında 1928-ci ildə eyni adlı iki sanatoriya yaradılmışdı. Ümumittifaq əhəmiyyətli sanatoriyalarda hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi. İstisu mineral bulaqlarının suyundan alınan duzlar bir sıra xronik xəstəliklərin müalicəsində işlədilirdi.
Aparılan hesablamalara görə, İstisu mənbələrindən hər il 3 milyard 963 milyon litr su çıxır. Sudolduran sexlər isə bunun cəmi 22 milyon litrindən istifadə edirdi. Qalan 3 milyard 941 milyon 316 min litr su çaylara axıb gedir.
İstisu bulağı üstündə keçən əsrin 80-ci illərində iri kurort və mineral sudoldurma zavodu tikilmişdi. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.
Azərbaycan təbiətinin bilicisi, mərhum akademik Mirəli Qaşqayın sözlərinə görə, Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə, bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqlarının (Çexiya) eynisidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir.
Görkəmli kimyaçı alim E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral suları yoxladıqdan sonra İstisuyun müalicəvi əhəmiyyətini daha yüksək (hətta – Karlovı -Varıdan da yüksək) qiymətləndirib və onun təkcə Azərbaycana deyil, dünyaya şöhrət gətirəcək bir mənbə olduğunu göstərib.
1993-cü ildə ermənilər Kəlbəcər rayonunu işğal edəndən sonra İstisu da düşmənin nəzarəti altına keçmişdi. İşğal zamanı erməni barbarlar İstisu sanatoriyasının binasını dağıdaraq yararsız hala salıblar.
Bundan başqa erməni vandalları Kəlbəcərdəki faydalı suları da özününküləşdirərək, “Cermuk” adı altında dünya bazarına çıxarıblar.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi Ali Baş Komandan İlham Əliyevin rəbərliyi ilə müzəffər Ordumuzun ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Ağır məğlubiyyətə uğrayan düşmən təslim olaraq ağ bayraq qaldırmağa məcbur oldu.
10 noyabr 2020-ci ildə Ermənistanın qol çəkdiyi üçtərəfli bəyanatda qeyd edilən Azərbaycan rayonlarının işğaldan azad edilməsi cədvəlinə uyğun olaraq, noyabrın 25-də erməni silahlı birləşmələri Kəlbəcər rayonunu tərk etdi. Beləliklə, uzun müddət düşmən əsarətində qalan Kəlbəcər, o cümlədən İstisu işğaldan azad edildi.
Müharibədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. Bərpası nəzərdə tutulan abidə və tikililərin içində İstisu sanatoriyasının da olacağı şübhə doğurmur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bərpa prosesinə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.