Urbisid
Tarix-diyarşünaslıq muzeyi
Urbisid
Tarix-diyarşünaslıq muzeyi
Talan olunan sərvətimiz: Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi
Kəlbəcər rayonu yalnız gözəl və səfalı təbiəti, müalicəvi bulaqları ilə deyil, həm də tarixi tikililəri ilə məşhurdur. Onlardan biri yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan Tarix-Diyarşünaslıq Muzeyidir.
Kəlbəcər şəhərində yerləşən muzey 1982-ci ilin sentyabrında yaradılıb. Həyəti 900 kv. metr olan muzeyin binası dəhlizdən, 3 kabinet və 9 nümayiş salonundan ibarət idi. 30 mindən çox eksponatı оlan fond da muzeydə saxlanılırdı.
Muzeydə Qanlıkənd istiqamətində yerləşən məşhur Lök qalasının maketi, Kəlbəcər dağlarında yaşayan bir çox vəhşi heyvanın müqəvvası, Tərtərçay qumluğunda aşkar edilmiş 150 milyon il yaşı olan daşlaşmış ilbiz nümunələri, ibtidai icma quruluşu dövrünə aid olan oxlar, biçaqlar, baltalar, dəmir nizə ucluqları və s. nümayiş etdirilirdi.
Sərgilənən eksponatlar sırasında adət-ənənələrimizi əks etdirən böyük həcmli rəsm əsərləri, qədim mis qablar, duz torbası, toxuculuq əşyaları, xalça, fərməş, asmalıq, rəngarəng daş nümunələri, yüz ildən çox yaşamış ahılların fotoları, yandırma üsulu ilə taxta üzərində işlənmiş portretlər, parça üzərində tikmələr var idi.
Kəlbəcər əhalisi muzeydə olan bütün əşyaları ata-babalarından, ana-nənələrindən yadigar qalsın deyə muzeyə hədiyyə etmişdilər.
Bu muzey eyni zamanda səs muzeyi də adlandırılırdı. Çünki burada Azərbaycanın tanınmış görkəmli şəxsiyyətlərinin maqnitofon lentlərinə yazılmış səsləri toplanmışdı.
Muzeyin çöl divarları mozaika üsulu ilə Kəlbəcərdə çıxan dağ süxurlarından işlənmiş naxışlardan ibarət idi. Hər bir daş parçası həm binanın naxışının bir elementi, həm də dağ süxurlarından ibarət muzey eksponatı rolunu oynayırdı.
Muzeyin həyətində daşdan yonulmuş qoç, keçi, maral, at, sandıq və s. füqurlar yerləşdirilmişdi.
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsi nəticəsində digər tikililərimiz kimi Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin binası da dağıdılaraq yararsız hala salınıb, eksponatların çoxu isə ya məhv edilib, ya da Ermənistana aparılıb.
Kəlbəcərin işğalından sonra muzey Bakı şəhəri, Heydər Əliyev prospekti 8 ünvanda 42 kv.m. sahəsi olan bir otaqda təşkil edilib. Hazırda muzeydə 6300-ə yaxın dəyərli eksponat qorunur.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. Erməni işğalçılarının dağıdaraq xarabazara çevirdikləri şəhər və qəsəbələrimiz, xalqımızın təbii sərvəti hesab olunan tarixi abidələrimiz, tikililərimiz bərpa olunur, azad olunan torpaqlarımızda həyat yenidən canlanır.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.