Urbisid
Dəmirçilər
Urbisid
Ermənilərin viran qoyduğu Dəmirçilər kəndini birlikdə bərpa edək
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Qubadlı rayonunun Dəmirçilər kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Oradakı evlərin və tikililərin çoxu, o cümlədən qədim tarixə malik olan abidələr erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılıb.
Məlumat üçün bildirək ki, Dəmirçilər kəndinin adı Dəmirçilər tayfasının adı ilə əlaqədardır. XVI əsrdə Qızılbaş tayfaları sırasında adları çəkilən “dəmirçilər” sonralar qazax tayfa birliyinin ən qüdrətli tirələrindən birinə çevrilmişdilər. Şahsevənlər və onlara birləşən səlcuqlar öz tayfa adlarını bir çox kəndə vermişdilər. Qubadlıdakı Dəmirçilər və Muradxanlı kəndlərində də həmin tirələrə məxsus ailələr çoxdur. Dəmirçilər adında Qazaxda, Tərtərdə, Xocalıda da kəndlər var.
Qubadlı rayonunun Dəmirçilər kəndi ərazisində bir neçə tarixi abidə yerləşir. Onlara misal olaraq Ağaçayın sağ sahilində yerləşən iki qülləvarı türbəni qeyd edə bilərik. Birinci türbə planda səkkizbucaqlı formadadır (bir tərəfi 1,9 m). İçəridə qapı gözü qarşısındakı üzdə kiçik mehrab tağçası quraşdırılıb. İç divarlar yaxşı yonulmuş daşlarla üzlənib. İç hündürlüyü isə 4,5 metrdir. Türbənin 5 metrə yaxın olan prizmatik korpusu səkkizüzlü piramidalı günbəzlə örtülüb.
İkinci türbə də Ağaçayın sağ sahil yamacının yanında, Dəmirçilər və Dondarlı kəndləri arasındadır. Əlverişli yerinə görə türbə hətta uzaq yerlərdən də yaxşı görünür. Onun da planı səkkizbucaqlı formadadır (bir tərəfi xaricdə 2,03 metr, daxildə 1,4 metrdir).
Tikinti materialı, inşaat texnikası və memarlıq həllinə görə, bu abidə birinci türbə ilə eynidir. Yalnız ikinci türbənin ölçüləri bir qədər iri (üst kameranın iç ölçüsü 6,2 metr, korpusun yerdən hündürlüyü 6,9 metrdir), xarici üzlərindəki çiyinli dayaz tağçaların forması isə bir qədər fərqlidir. Bu türbələrin hər ikisi XIII—XIV əsrlərin abidələri hesab edilir.
XIX yüzilliyin yadigarı olan Dəmirçilər məscidi də kəndin tarixi abidələrindən hesab olunur. Məscidin interyerində iki sütun qoyulub. Dondarlı məscidindən fərqli olaraq bu məscidin interyeri üç tərəfdən qoyulmuş bir cüt pəncərələrlə yaxşı işıqlandırılır. Bu məsciddə də tavan gümbəzlə örtülüb, dam örtüyü yamaclı şəkildə tamamlanıb.
Dəmirçilər kəndinin digər məşhur abidəsi Hacı Bədəl körpüsüdür. Bu körpü XIX əsrdə Dəmirçilər kənd sakini, fitri istedad sahibi olan Hacı Bədəl tərəfindən Ağa çayı üzərində salınıb. Körpünün inşasında put daşdan (xüsusi bəzək vurmaqla), əhəng və yumurta sarısından istifadə olunub. Bu körpü 15 kəndin rayon mərkəzi ilə əlaqəsini təmin edib.
Körpünün son dərəcə maraqlı arxitekturası var. Tağbənd formasında tikilmiş körpünün ortasında dayaqlar qoyulmayıb. Bu, kükrəyib daşan dağ çayının maneəsiz axını üçündür.
1993-cü ildə Dəmirçilər kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ildə Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Dəmirçilər sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Dəmirçilər kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub.
İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz.
Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.