Urbisid
Dondarlı
Urbisid
Düşməndən azad edilən Dondarlı kəndi sakinlərini gözləyir
Vətən müharibəsində müzəffər Ordumuzun düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Qubadlı rayonunun Dondarlı kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Oradakı evlər və tikililər, hətta kənd məscidi erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılıb.
Məlumat üçün bildirək ki, Dondarlı kəndi Bərgüşad çayının (Bazarçay) sahilində, Bərgüşad silsiləsinin ətəyində yerləşir. Oykonim qədim türkdilli dondar tayfasının adı ilə bağlıdır. Yunan müəlliflərinin məlumatına əsasən, dondarlar Şimali Qafqaz çöllərində, Azov dənizi sahillərində yaşayıblar. Sonrakı mənbələrdə dondarların Kuban çöllərində məskən salmaları haqqında məlumat verilir. Tədqiqatçıların ehtimalına görə, dondarlar hunların tərkibində Albaniyaya gələrək orada məskunlaşıblar. “Kitabi-Dədə Qorqud” dastanlarında personajlardan birinin adı Dəli Dondardır.
Kəndin əsas tarixi abidələrindən biri Dondarlı məscididir. Məscidin XVIII əsrin əvvəllərində tikildiyi güman olunur. Lakin Arran memarlıq məktəbi üslubunda tikilmiş məscidin üzərindəki yazılardan bəlli olur ki, Dondarli kənd məscidinin tarixi daha qədimdir. O, bir dəfə uçurulduqdan sonra yenidən tikilib.
Yerli inşaat materialları ilə tikilmiş Dondarlı məscidi kənd klubunun qonşuluğunda yerləşir. Məscidin qapısından hündürlüyünə qədərki məsafədən bütün divarları boyu üfüqi səmtdə aparılmış relyefli qurşaq onu uzaqdan ikimərtəbəli kimi göstərir. Əslində bu aldadıcıdır, bina bir mərtəbəlidir.
Məscidin dam tərəfdən örtüyü isə Şuşa, Ağdam, Füzuli və s. şəhərlərin məscidlərində olduğu kimi yamaclı formada tikilib. Məscid Qarabağın qədim İslam memarlığının gözəl nümunələrindən biri hesab olunur.
Məscid Ermənistanın işğalına qədər yaxşı vəziyyətdə gəlib çatıb. Lakin erməni işğalından sonra vəziyyəti bərbad duruma salınıb.
1993-ci ildə Dondarlı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Dondarlı sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Dondarlı kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub.
İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz.
Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.