Urbisid
Karxulu
Urbisid
Ermənilərin xarabazara çevirdiyi Karxuluya yeni həyat verək!
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Cəbrayıl rayonunun Karxulu kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Kənddəki bütün tikililər, hətta kəhrizlər və qədim kurqanlar da vəhşicəsinə dağıdılıb, bir dənə belə salamat bina qalmayıb.
Karxulu toponiminin mənşəyi haqqında müxtəlif mülahizələr mövcuddur. Karxulu sözünün mənşəyi qədim türk mənbələrinə görə, karqu, karxu sözündən götürülüb: gözətçi məntəqəsi, qala, mühafizə olunan yer deməkdir. Kəndin bu adla adlandırılması ilkin ehtimallara görə, ərazisindəki hündür təpə ilə bağlıdır.
Bu kəndin yaranması haqqında belə bir rəvayət də söylənilir: Keçmiş zamanlarda Cəbrayıl atanın Henisa adlı qızı var imiş. Hamilə olan Henisanın əri bədbəxt hadisə nəticəsində qayadan yıxılaraq dünyasını dəyişir. Dünyaya gələn nəvələrinə Cəbrayıl ata köməyə, kara gələn, işə yarayan, təsir edən anlamını verən “Kar” və hökmü keçən mənasını verən “Xulu” adlarını qoyur. Kar və Xulu böyüyüb çox məşhur oxatan, ovçu olurlar. Onlar o qədər mahir oxatan olublar ki, göydə uçan quşu belə gözündən vurublar. Qardaşlar əsasən maral ovu ilə məşğul olublar.
Bir gün iki qardaş səhər tezdən ova gedərkən, kimin daha çox maral ovlamasına görə mərcə girirlər. Qardaşlardan böyüyü olan Kar ovladığı maralın dərisini geyinir və pusquda durur.
Səhərin ayaz havasının təsirindən yorğun olan Karı yuxu tutur. Bu zaman yaxınlıqdan keçən Xulu maralı görür və fürsəti əldən verməyərək onu oxla vurur. Yaxınlaşdıqda görür ki, oxla vurub öldürdüyü maral deyil, öz doğma qardaşıdır.
Qardaşının qan içində öldüyünü görən Xulu dözə bilmir, oxlardan birini götürüb zərblə ürəyinə vuraraq özünə qəsd edir. Cəbrayıl atanın digər övladları onları öldükləri yerdə dəfn edirlər və ailə üzvlərindən bir neçəsi öz yaxınları ilə həmin yerdə yurd salır və qardaşların adını yaşatmaq üçün obaya Karxulu adını verirlər.
Karxulu kəndi əvvəlcə köhnə yurdda yerləşib. Köhnə yurdun ərazisi tədqiq olunmamış çoxlu sayda maddi-mədəniyyət abidələri ilə zəngin idi. Tarixi ən qədim yüzilliklərə gedib çıxan tunc dövrünə aid Karxulu kurqanları və köhnə yurddakı qədim qəbiristanlıq bu yerin çox qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir.
Zəhmətkeş kənd camaatı əsasən taxılçılıq, baramaçılıq, üzümçülük, maldarlıq, bostançılıq, meyvəçilik və heyvandarlıqla məşğul olurdu.
1993-ci ildə Karxulu kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 4 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Karxulu kəndinin sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Karxulu kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış digər yaşayış məntəqələrimiz kimi Karxulu kəndinin də bərpa edilməsi nəzərdə tutulur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.
İanə edək, doğma Karxulu kəndinə yeni həyat verək, Qarabağımızı birlikdə dirçəldək!