Urbisid
Qazanzəmi
Urbisid
Ermənilərin qəbir daşlarını belə dağıtdığı Qazanzəmiyə yeni həyat verək!
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Cəbrayıl rayonunun Qazanzəmi kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Ermənilər kənddəki təhsil, səhiyyə, mədəniyyət, ticarət və iaşə müəssisələrini, hətta qəbirləri belə vəhşicəsinə dağıdaraq yerlə-yeksan ediblər.
Qarabağ silsiləsinin ətəyində yerləşən kəndin adı Qazan (şəxs adı) ve zəmi (əkin yeri) sözlərinden ibarət olub, “Qazanın yeri, əkin sahəsi” mənasındadır.
Kənd rayon mərkəzindən 55 km qərbdə, Qarabağ silsiləsindəki Tumas-Ata dağının arxa hissəsində yerləşir. Cəbrayıl bölgəsinin ən ucqar yaşayış məntəqələrindən olsa da, çox abad kəndlərdən biri idi. Əhalisi heyvandarlıq, taxılçılıq, bağçılıq, üzümçülük, bostan-tərəvəzçilik və arıçılıqla məşğul olurdu.
Zəhmətkeş kənd sakinləri özlərinə çox gözəl şərait, gün-güzəran düzəltmişdilər. İki mərtəbəli və ya kürsülü, aynabəndli, damı dəmirli daş evlər tikdirmiş, qapılarına bulaqlardan su xətləri çəkdirmişdilər.
Sovet hakimiyyəti illərinədək uzun əsrlər boyu kənd seçkinləri ancaq mollaxana təhsili ilə kifayətlənmişdilər. Onlar da XVII əsrin ortalarından Nuxa mədrəsəsinin filialı kimi fəaliyyət göstərən Çələbilər kəndinin məscid və hücrələrində çərəkə təhsili alanlar olmuşdular.
Sovet hökuməti tərəfindən savadsızlığın ləğvi ilə bağlı 30-cu illərdə gecə kursları təşkil edilir, 1932-33-cü dərs ilində isə ibtidai təhsil verən müstəqil məktəb – Qazanzəmi kənd dördillik məktəbi açılır. 1947-ci ildə həmin məktəbin bazasında Qazanzəmi kənd yeddillik məktəbi, sonra isə həmin məktəb 1962/63-cü dərs ilində səkizillik, 1987-ci ildə isə ümum orta təhsil verən Qazanzəmi kənd orta məktəbinə çevrilir. Müxtəlif dövrlərdə isə bir-birinin ardınca kənd kitabxanası, klub, feldşer-mama məntəqəsi, mağaza, bufet-çayxana kimi ayrı-ayrı xidmət sahələri üzrə müvafiq müəssisələr fəaliyyətə başlayır.
1993-ci ildə Qazanzəmi kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni barbarlar kənddəki evlər və tikililərlə yanaşı qəbirləri də dağıdaraq yerlə yeksan ediblər.
28 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Qazanzəmi kəndinin sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Qazanzəmi kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.