Urbisid
Dağ Tumas
Urbisid
Qarabağ şəhidləri Vahidlə Anarın doğma Dağ Tumas kəndini birlikdə bərpa edək
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Cəbrayıl rayonunun Dağ Tumas kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Oradakı evlərin və tikililərin çoxu, o cümlədən qədim tarixə malik olan abidələr erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılıb.
Məlumat üçün bildirək ki, Dağ Tumas kəndi Qarabağ silsiləsinin ətəyində, Cəbrayıl şəhərindən 23 kilometr aralıda yerləşir. Keçmiş adı Tumas olub. Sonralar bu kənddən ayrılmış ailələr Tumaslı (Bərdə və Şərur rayonları), Çaytumas (Qubadlı rayonu) kəndlərini saldıqdan sonra, birini digərindən fərqləndirmək məqsədilə dağ yamacında yerləşən bu kənd Dağ Tumas adlandırılıb. Cəbrayılın ən yüksək zirvəsi də Dağ Tumasdır (1580 m).
İşğala qədər kənd əhalisi əsasən heyvandarlıq, üzümçülük və taxılçılıqla məşğul olurdu. Bundan başqa ipəkçiliklə məşğul olanların sayı da kifayət qədər çox idi.
Kənddə üç məktəb, xəstəxana və kitabxana fəaliyyət göstərirdi.
Qarabağ müharibəsi şəhidləri Vahid Məmmədov və Anar Məmmədov bu kəndin sakinləri olublar.
Dağ Tumas ərazisində tapılan maddi-mədəniyyət nümunələri və tarixi abidələr kəndin qədim tarixə malik olmasından xəbər verir. Misal olaraq kəndin yaxınlığında yerləşən “Divlər sarayı” mağarasını qeyd etmək olar.
“Tumas ata” abidəsi isə bütpərəstlik dövrünə aid edilir. Dağ Tumas kəndinin sakinləri Tumas atanı öz əcdadları hesab edir və muqəddəs ocaq kimi sitayiş edirdilər.
Dağ Tumas kəndində yerləşən tarixi abidələrdən biri də “Başıkəsik gümbəz”dir. XIII-XIV əsrlərə aid edilən gümbəzin üstü açıq olduğuna görə “Başıkəsik gümbəz” adlanır. Abidənin hündürlüyü 12 metrə, diametri 5 metrə çatır. İşğaldan qabaq gümbəz bərpa edilmişdi. İşğal dövründə erməni silahlı qüvvələri tərəfindən gümbəzin divarları bir neçə yerdən dağıdılıb.
1993-ci ildə Dağ Tumas kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci il 23 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Dağ Tumas sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Dağ Tumas kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.