Urbisid
Mərzili
Urbisid
Qəhrəmanlar və alimlər yurdu: Ağdamın yüzdən artıq şəhid verən Mərzili kəndi
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Ağdam rayonunun Mərzili kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Kənddəki bütün evlər və tikililər, o cümlədən orta məktəblər, kənd xəstəxanası, hamam, dəyirman binası, hətta məscid belə vəhşicəsinə dağıdılıb.
Məlumat üçün bildirək ki, Ağdamın ən böyük kəndi olan Mərzili Qarabağda XIX əsrdə yaşamış Mərzili elinin oturaqlaşması nəticəsində yaranmış kəndlərdəndir. Bu el 1845-ci ildə cəmi 19 ailədən ibarət idi. Mosul, Goranlı, Molday Rəsullu və Zeynalabdinbəyli köçləri Şirvan xalqı Musfata xana məxsus olub, lakin xanlıq ləğv edildikdən sonra Araz sahillərinə köçürülüb.
F.Deminskinin yazdığına görə, Mərəzəli (Mərzilik) eli 5 qoldan ibarət olub. Ulu-Şıxlı, Əmirli, Danayerli, Kürə-Çullu və Sofulu. Sonra el böyüyərək 8 tirəyə bölünüb: Mehtərli, Şirvanlı, Papaqçılar, Hacımanlı, Dəlləkli, Novruzlu, Həmzəlilər və Daşdəmirlər.
XIX əsrin sonlarında Mərzili kənd icmasında Birinci Mərzili, Mərzili-İsmayıl bəy (indi bu kənd İsmayılbəyli adlanır) və Mərzili-Cəfərquluağa adlı üç məntəqə vardı.
Mərzili kəndindən bir sıra görkəmli şəxslər çıxıb. Onlara misal olaraq AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədov, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Rəhimov, görkəmli alim Yusif Səmədov, tarixçi alim Boran Əzizov, publisist və yazıçı Asif Mərzili və başqalarının adını qeyd edə bilərik.
Mərzili kənd sakini, Birinci Qarabağ müharibəsinin iştirakçısı Məzahir Abbasquliyevin sözlərinə görə, Mərzili Ağdamın ən böyük kəndi idi. 1991-ci ildə burada 1500-dən çox ailə yaşayırdı. Əhalisinin sayı isə 8 minə yaxın idi:
“Kəndimizdə dörd məktəb var idi. Müəllimlərimiz çox savadlı idi. Təsadüfi deyil ki, Mərzili həm də elm ocağı kimi tanınırdı. Çünki buradan bir çox məşhur insanlar, elm adamları çıxıb.
Əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurdu. Kəndimizdə iki fermer təsərrüfatı yaradılmışdı: heyvandarlıq və üzümçülük. Geniş üzüm bağları salınmışdı. Şərabçılıq zavodu fəaliyyət göstərirdi. Sonradan kəndimizdə toxuculuq sexi də tikilmişdi”.
M.Abbasquliyev doğma kəndlərində keçirdiyi günləri bu cür xatırlayır:
“Uşaqlığımız çox maraqlı keçib. Məktəbimizdə idman zalı var idi. Boş vaxtlarımızda idmanla məşğul olurduq, güləş yarışlarına gedirdik. Futbol komandamız isə rayon birinciliyində çıxış edirdi.
Ümumiyyətlə, kəndimizin camaatı çox mərd camaatdır. Birinci Qarabağ müharibəsində Mərzili yüzdən artıq şəhid verib. Bir ailədən isə üç qardaş şəhid olub.
Kəndimizdə məscid də var idi. Mömün insanlar orda namaz qılırdılar. Bundan başqa kəndimizdə böyük xəstəxana, dəyirman, hamam da var idi”.
İkinci Qarabağ müharibəsindən sonra kəndlərinə getdiyini deyən M.Abbasquliyev orada gördüklərindən şoka düşdüyünü deyib. Onun sözlərinə görə, barbar ermənilər kənddə bir dənə də salamat bina, tikili qoymayıblar, hamısını dağıdıblar. Hətta məscidi belə yerlə yeksan ediblər.
Məzahirin qardaşı Mahir Abbaqsquliyev isə bərpa və quruculuq işlərindən sonra kəndlərini necə görmək istəməsindən danışıb:
“Çox istəyərdim ki, kəndimizin yeni evləri Ağdama yaxın düzənlik ərazidə səliqəli bir şəkildə tikilsin. Kənddə uşaqların oynaması üçün futbol meydançası salınsın, futbol klubu yaradılsın.
Kəndimizin şəhidləri ümumi qəbiristanlıqda dəfn olunmasınlar. Onlar üçün xüsusi xiyaban salınsın, orada dəfn olunsunlar. Kəndin uşaqlarını tez-tez xiyabana aparsınlar, görsünlər ki, kəndimizdən necə igid, vətənpərvər oğullar çıxıb. Onlar da şəhidlərimizdən örnək götürsünlər, şəhidlərimiz kimi vətənpərvər ruhda böyüsünlər.
Bundan başqa şəhidlər üçün xüsusi bir guşə yaradılsın, orada şəhidlərimiz haqqında məlumatlar qeyd olunsun.
Kəndimizdən çıxmış məşhur insanlar üçün muzey və parkın yaradılması da yaxşı olardı.
Kitabxana və klub da yaradılsın ki, kəndin uşaqları həm kitab oxusunlar, savadlı olsunlar, həm də asudə vaxtlarını səmərəli keçirə bilsinlər.
Kənd camaatının işlə təmin olunması üçün isə yeni iş yerləri yaradılmalıdır. Məsələn, qadınların məşğulluğunu təmin etmək üçün xalçaçılıq sexinin yaradılması çox yaxşı olardı. Bir sözlə, Mərzili insanların xoşbəxt yaşadığı ən gözəl kəndlərdən birinə çevrilməlidir.
İnanıram ki, dövlətimiz, xalqımız əl-ələ verərək qısa zamanda bunu rellaşdıracaq”.
Xatırladaq ki, Mərzili kəndi 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Buna baxmayaraq Azərbaycan kəşfiyyatçıları bu kəndin ərazisində tez-tez diversiya əməliyyatları keçirirdilər. Belə əməliyyatların birində ABŞ-dan olan erməni terrorçusu Monte Melkonyan məhv edilib.
2006-cı ildə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva qurumun Dağlıq Qarabağ üzrə nümayəndəsi Karen Ohacanyana istinadən məlumat verib ki, Mərzili kəndi yaxınlığında 21 azərbaycanlının basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.
2020-ci ildə İkinci Qarabağ Müharibəsi zamanı Mərzili kəndi də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Mərzili kəndinin sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Mərzili kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub.
İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.