Urbisid
Əliağalı
Urbisid
Milli Qəhrəman Nadir Əliyevin doğma Əliağalı kəndini birlikdə bərpa edək
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Ağdam rayonunun Əliağalı kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Oradakı evlərin və tikililərin demək olar ki, hamısı erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılıb.
Məlumat üçün bildirək ki, Əliağalı kəndi rayon mərkəzi olan Ağdam şəhərindən 30 km. şimal-qərbdə, Xaçın çayının sol sahilində, Qarabağ silsiləsinin şimal-şərq tərəfindəki dağətəyi düzənlikdə yerləşir.
1930-cu ilə qədər Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.
İşğala qədərki dövrdə Əliağalı kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, uşaq bağçası, kəndli-gənclər məktəbi və müxtəlif ticarət-iaşə obyektləri mövcud olub.
Azərbaycanın işğala məruz qalmış bütün yaşayış məntəqələrində olduğu kimi, erməni işğalçıları Əliağalı kəndində də hər şeyi dağıdıb yerlə yeksan ediblər.
Əhalisinə gəlincə, işğala qədərki dövrdə Əliağalı kəndinin əhalisi 1856 nəfər olub. Əhali əsasən üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olub.
Birinci Qarabağ müharibəsi zamanı erməni işğalçılarına ciddi müqavimət göstərən kəndlərdən biri də Əliağalı kəndidir.
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Nadir Əliyev bu kənddə doğulub boya-başa çatıb.
1993-cü il iyunun 12-də Əliağalı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
2020-ci ilin 20 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Əliağalı sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait və vaxt tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Əliağalı kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub.
İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.