Urbisid
Əlimədətli
Urbisid
Milli Qəhrəman Yelmar Edilovun Əlimədətli kəndi sakinlərini gözləyir
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Ağdam rayonunun Əlimədətli kəndidir. İşğal altında olan bütün yaşayış məntəqələrimiz kimi, Əlimədətli kəndini də ermənilər dağıdıb xarabalığa çeviriblər.
Məlumat üçün bildirək ki, 1930-cu ilə qədər Əlimədətli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.
Əlimədətli kəndi rayon mərkəzindən 32 km. şimal-qərbdə, Xaçın çayının sol sahilindən 2 km. aralı, Kiçik Qafqaz dağlarına aid olan Qarabağ silsiləsinin şimal-şərq ətəyində yerləşir. Göygöl rayonunda da Əlimədətli kəndi var.
İşğala qədərki dövrdə Əlimədətli kəndində orta məktəb, klub, kitabxana, tibb məntəqəsi, xəstəxana, texniki-peşə məktəbi, uşaq bağçası, rabitə şöbəsi və müxtəlif ticarət-iaşə obyektləri var idi. Xaçınçay su anbarı da bu kəndin ərazisindədir.
Əhalisinin sayına gəlincə, 2006-cı ilin siyahıyaalma məlumatına görə, Əlimədətli kəndinin əhalisi 1069 nəfər idi. İşğala qədərki dövrdə əhalinin əsas məşğuliyyəti heyvandarlıq, taxılçılıq və bağçılıq olub.
Əslən Əlimədətli kəndindən olan xalq yazıçısı Bayram Bayramov özünün “Yarpaqlar” romanında Əlimədətli camaatının məişətini, adət-ənələrini, həyat tərzini özünəməxsus ustalıqla təsvir edib.
Əlimədətli kəndi ölkəmizə bir çox görkəmli şəxsiyyətlər bəxş edib.
Əlimədətlilər erməni işğalçılarına qarşı mübarizədə daim ön sırada olublar, igidlik nümunəsi göstəriblər. Kəndin ona yaxın sakini erməni işğalçılarına qarşı döyüşlərdə mərdiklə vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Onlardan Milli Qəhrəman Yelmar Edilov Əlimədətli kəndinin yetirməsidir.
1993-ci il iyunun 15-də Əlimədətli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni barbarlar kənddəki evlər və tikililərlə yanaşı qəbirləri də dağıdaraq yerlə yeksan ediblər.
20 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Əlimədətli kəndinin sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Əlimədətli kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz.
Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.