Urbisid
Qiyaslı
Urbisid
Ermənilər Qiyaslını viran qoydular, biz daha gözəl bərpa edəcəyik
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Ağdam rayonunun Qiyaslı kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Oradakı evlərin və tikililərin çoxu erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılıb.
Məlumat üçün bildirək ki, Ağdam şəhərindən 3 kilometr məsafədə - Ağdam-Ağdərə avtomobil yolunun kənarında yerləşən Qiyaslı kəndi XIX əsrdə qışı Qarabağ düzündə, yayı Zəngəzurda keçirən bir elatın adı idi.
Qiyaslı vaxtilə rayonun ən gözəl və abad yaşayış məntəqələrindən biri idi. Bu kənddə taxılçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdi. İndi isə burada yalnız bir mənzərənin şahidi olmaq mümkündür - erməni vəhşiliyinin. Talan edilmiş, dağıdılmış, yandırılmış binalar dünyanın heç bir yerində, heç bir müharibəsində görünməmiş vəhşiliyin göstəricisidir. Erməni vandalları 27 il ərzində kəndi talayıb, yer üzündən siliblər. Vaxtilə kənddə mövcud olmuş yaşayış evləri, məktəb, uşaq bağçası, klub, uşaq musiqi məktəbi, kitabxana, tibb məntəqəsindən əsər-əlamət qalmayıb. Ermənilər kənddəki XVIII əsrin yadigarı olan tarixi məsciddən mal-qara tövləsi kimi istifadə edib, rayonu tərk etməmişdən əvvəl isə yandırıblar.
Qiyaslı məscidi 2001-ci ildən yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülüb.
Xatırladaq ki, Prezident İlham Əliyev 2021-ci il mayın 28-də Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində də olub.
İşğal zamanı kənd sakinləri doğma ata-baba yurdundan didərgin düşərək müxtəlif ərazilərdə müvəqqəti məskunlaşmalı olublar.
Qiyaslı kəndindən bir sıra tanınmış şəxslər çıxıb. Onlara misal olaraq tarix elmləri namizədi, alim, professor Suleyman Zeynalov, texnika elmləri namizədi Təhmuraz Abbasov, Azərbaycanın tanınmış xanəndələrindən Şahmalı Kürdoğlu, şair, iqtisad elmləri namizədi Əjdər Qiyaslı və tarix elmləri namizədi Səfi Heydərlini qeyd etmək olar.
1993-cü ildə Qiyaslı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Qiyaslı sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Qiyaslı kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.