Urbisid
Gülablı
Urbisid
Gülablı – erməni işğalçıları tərəfindən xarabalığa çevrilmiş cənnət guşəsi
Qarabağ xanı İbrahim xanın fərmanı ilə xan övladlarına dayə və süd anası bu kənddən tutulardı.
Buna səbəb həmin kəndin əhalisinin şücaətli və gözəl səsə malik olması idi.
Söhbət müzəffər Ordumuzun işğaldan azad etdiyi Ağdamın Gülablı kəndindən gedir. Vaxtilə Şuşa qəzasının tərkibində olmuş bu kənd çox böyük tarixi keçmişə malikdir. Yaranma tarixi təxminən VI-VII əsrlərə təsadüf edir. Məlumatlara görə, qədim adı “Güllü dərə” olan kənd sonralar Gülablı kimi tanınıb.
Gülablı qədim tarixi, füsünkar təbiəti, saf havası, mehriban, şirin ləhcəli əhalisi olan yurdumuzun bir cənnət guşəsidir. Kəndi əhatə edən dağlar, zümrüd meşələr onun gözəlliyini birə beş artırırdı.
Ziyalı və istedadlı insanlar məskəni kimi də tanınan Gülablı kəndi ölkəmizə elm, mədəniyyət, incəsənət və digər sahələrdə məşhurluq qazanmış tanınmış simalar bəxş edib.
Aşıq Xaspolad Gülablı və Aşıq Valeh kimi respublikada məşhur aşıqlar bu kəndin yetirmələridirlər. Kənd işğal olunmazdan az əvvəl onun yaşadığı evi xatirə muzeyi edilən tarzən Qurban Pirimov, hamının Rəmiş kimi tanıdığı gitara ifaçısı Rafiq Hüseynov, dövrün tanınmış maarifçisi və xeyriyyəçisi Camal Mustafayev, general-mayor Murtuz Quliyev, Azərbaycan kinosunun ən məşhur xadimlərindən olan Ceyhun Mirzəyev, faciəli şəkildə dünyasını dəyişən mərhum xanəndə Səxavət Məmmədov, mərhumun oğlu, uşaq proqramlarının məşhur aparıcısı Bəxtiyar Məmmədovu da bu kəndin tanınmış yetirməsi saymaq olar.
SSRİ xalq artisti Sara Qədimova da əslən Gülablı kəndindəndir. Mərhum xanəndə hər zaman özünü qarabağlı kimi təqdim edib.
Gülablı kəndi 1992-ci il sentyabrın 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. 20 noyabr 2020-ci il tarixində isə Vətən müharibəsinin başa çatmasından sonra imzalanmış atəşkəs bəyanatının şərtlərinə əsasən bu kənd işğaldan azad olunub.
Gülablılar öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış digər yaşayış məntəqələrimiz kimi Gülablı kəndinin də bərpa edilməsi nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.
İanə edək, qədim tarixi və gözəl təbiəti, məşhur insanların yurdu olan Gülablı kəndinə yeni həyat verək, Qarabağımızı birlikdə dirçəldək!