Urbisid
Şıxbabalı
Urbisid
Ermənilərin viran qoyduğu Şıxbabalı kəndi sakinlərini gözləyir
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Ağdam rayonunun Şıxbabalı kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Oradakı evlərin və tikililərin demək olar ki, hamısı erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılıb.
Məlumat üçün bildirək ki, Şıxbabalı kəndi Qarqar çayının sahilində, dağətəyi ərazidə yerləşir.
Ağdam rayonunun Şıxbabalı inzibati-ərazi vahidində kəndin keçmiş adı Pərioğlular olub. Çünki yaşayış məntəqəsi kəbirli tayfasının pərioğlular tirəsinin məskunlaşması nəticəsində yaranıb. Sonradan kənddəki Şıxbabalı türbəsinin adı ilə Şıxbabalı kəndi adlandırılıb.
Qeyd edək ki, Şıxbabalı türbəsi həm qədim tarixinə, həm də dini əhəmiyyətinə görə seçilir. Abidənin üzərindəki kitabədən onun 1272-ci ildə tikildiyi məlum olur. Səkkizbucaqlı formaya malik, yuxarısı çatmatağ şəkilli günbəzlə örtülmüş türbə özünəməxsus səciyyəvi memarlıq cəhətinə malik olmaqla bərabər, çox az memarlıq abidəsi məlum olan dövrə aid olması cəhətdən də diqqəti cəlb edir.
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Şıxbabalı kəndindən bir sıra görkəmli şəxslər çıxıb. Yazıçı, publisist, felyetonçu Cahangir Gözəlov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Kamil Qurbanov, şair və tədqiqatçı Şirvani Ədilli, Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu bu kənddəndirlər.
1993-ci ildə Şıxbabalı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni barbarlar kənddəki evlər və tikililərlə yanaşı qəbirləri də dağıdaraq yerlə yeksan ediblər.
2020-ci ilin 20 noyabr tarixində Vətən müharibəsinin başa çatmasından sonra imzalanmış atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Şıxbabalı kəndinə daxil olub, bununla da kənd işğaldan azad olunub. Bunu böyük sevinclə qarşılayan Şıxbabalı sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Şıxbabalı kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.