Urbisid
Baharlı
Urbisid
Ermənilərin viran qoyduğu Baharlını birlikdə daha gözəl bərpa edək
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Zəngilan rayonunun Baharlı kəndidir.
İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Kəndin geniş orta məktəbi, ikimərtəbəli universamı, kitabxanası, tibb məntəqəsi, klubu və s. tamamilə dağıdılıb.
Baharlı kəndi dünyada ikinci, Avropada birinci çinar meşələrinin boy verdiyi Bəsitçayın Araza qovuşacağında yerləşir.
Baharlı adına ilk dəfə orta əsrlərə aid mənbələrdə təsadüf edilir. Bu soyadı ilk dəfə XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşıyıb. O, yaxın qohumu Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi.
Əlişəkər bəy Baharlı nəslinin layiqli övladları Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynayıblar. Zəngilan rayonunun Baharlı kəndinin yerli əhalisi Əlişəkər bəy Baharlının, onun nəslindən olan Mirzə Vəli bəy Baharlının qohumlarıdır.
Vaxtilə otuzadək ailənin yaşadığı bu kiçik kəndddən bir sıra görkəmli şəxsiyyətlər çıxıb. Onlara misal olaraq görkəmli dövlət xadimi, milis general-mayoru Məhəmməd Əsədovu, coğrafiya elmləri doktoru, professor Xostan Vəliyevi, coğrafiya elmləri doktoru, professor Zahid Məmmədovu, nasir, publisist Məhəmməd Baharlını qeyd edə bilərik.
1993-ci ildə Baharlı kəndi Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilən kəndin bərpası böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Baharlı kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Azad olunmuş kəndlərin sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub.
İşğala məruz qalmış digər yaşayış məntəqələrimiz kimi Baharlı kəndinin də bərpa edilməsi nəzərdə tutulur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz.
Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.
İanə edək, gözəl təbiəti olan Baharlı kəndinə yeni həyat verək, Qarabağımızı birlikdə dirçəldək!