Urbisid
Qaradərə
Urbisid
Qarabağ şəhidləri Filman və Azərin doğma Qaradərə kəndini birlikdə bərpa edək!
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Zəngilan rayonunun Qaradərə kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Kənddəki bütün tikililər, orta məktəb, uşaq bağçası belə vəhşicəsinə dağıdılıb.
Qaradərə kəndi dağətəyi ərazidədir. Adı “Dədə Qorqud” dastanında çəkilən kənd vaxtilə baharlı tayfasına məxsus ailələrin qışlaq yeri olub. Yaşayış məntəqəsi salındığı dərənin adı ilə adlandırılıb. Oronim isə “böyük dərə” mənasındadır.
Kəndin qarşısından məşhur çinar meşəsindən başlayan Bəsit çayı axır. Baharlı, Qaragöz, Ördəkli və Çöpədərə kəndlərinin əhatəsindədir.
Qaradərə həm də igidlər məskənidir.
Çarizmə və sovet hökumətinə qarşı öz qaçaq dəstəsilə vuruşan qaçaq Fərzalı bu kənddə doğulub. Yazıçı Azad Qaradərəli “Aşiqlər”, “Zəngəzur qazısı Bəhlul Behcət” kitablarında, “Kuma-Manıç çökəkliyi” romanında Qaçaq Fərzalıdan bəhs edib, 2016-cı ildə isə ayrıca “Qaçaq Fərzalı” adlı kitab yazıb nəşr etdirib. Kəndin digər igidləri Filman və Azər Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olublar.
İşğala qədər kənddə 45 ailədən ibarət 300 nəfər yaşayırdı.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qaradərə kəndi, 2020-ci ilin 22 oktyabrında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad edilib.
Bunu böyük sevinclə qarşılayan Qaradərə kəndinin sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Qaradərə kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.
İanə edək, doğma Qaradərə kəndinə yeni həyat verək, Qarabağımızı birlikdə daha gözəl bərpa edək!