Urbisid
İçəri Müşlan
Urbisid
Oxçuçayın sahilində yerləşən ermənilərin dağıtdığı İçəri Müşlan kəndi
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Zəngilan rayonunun İçəri Müşlan kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Kənddəki Soltan Qardaşov adına məktəb, kitabxana, uşaq bağçası da vəhşicəsinə dağıdılıb.
İçəri Muşlan kəndi Oxçu çayının sahilində, dağətəyi ərazidə yerləşir. Keçmış adı Muşlan olub. Yaşayış məntəqəsini Türkiyənin Muş əyalətindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılıb. Bu kənddən çıxmış ailələr Oxcu çayının sağ sahilində Qıraq Muşlan kəndini saldıqdan sonra buraya İçəri Muşlan, yeni “əsas, iç Muşlan” deyilib.
Şirin sulu bulaqları və zəngin bitki örtüyü olan kəndin sakinləri işğaldan əvvəl əkinçilik və heyvandarlıqla məşğul olurdu.
Əhalinin təhsil səviyyəsi də kifayət qədər yüksək idi. Belə ki, kənd əhalisinin 80 faizdən çoxu ali təhsilli idi.
1993-ci ildə İçəri Müşlan kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan İçəri Müşlan kəndinin sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi İçəri Müşlan kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.