Urbisid
Cahangirbəyli
Urbisid
Ermənilərin dağıtdığı Cahangirbəyli kəndi sakinlərini gözləyir
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Zəngilan rayonunun Cahangirbəyli kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib.
Kənddəki mədəniyyət evi, klub, kitabxana, feldşer məntəqəsi, uşaq bağçası, on bir illik tam orta məktəb, hamam, şərab zavodu da vəhşicəsinə dağıdılıb.
Rayonun aran hissəsində, Bakı-Mincivan magistral yolunun üzərində yerləşən Cahangirbəyli kəndi quru və çılpaq dərələrlə əhatə olunub.
“Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”ndə verilən məlumata görə, yaşayış məntəqəsi XIX əsrdə Tərəkəmə (indiki Məmmədbəyli) kəndindən köçüb gəlmiş Cahangir bəy adlı şəxs tərərfindən salındığı üçün belə adlanıb və “Cahangir bəyə məxsus kənd” deməkdir.
Lakin güman edilir ki, Cahangir bəy buraya gələnə qədər də həmin ərazidə əhali yaşayırmış. Belə ki, kəndin kiçik bir hissəsinin Cavadbəyli adlanması, Şahnisə yeri, Şirinbəy arxı kimi mikroobyektlərin mövcudluğu bu fikri söyləməyə əsas verir.
Kəndin yaşlı sakinlərinin söylədiklərinə görə, yaşayış məntəqəsinə aid qəbiristanlıqda qoç formalı bir abidə, yanında isə üzərində naməlum yazılar olan daş lövhə mövcud olub, sonralar həmin abidələr rayon muzeyinə köçürülüb. Bu qoç formalı abidəyə əsasən kəndin qədim yaşayış məntəqəsi olması fikrini irəli sürmək olar. Belə ki, heyvan formalı abidələr İslamdan qabaqkı inancları əks etdirir. Deməli, ən azından kəndin tarixi VII əsrdən əvvələ gedir.
Kənddə üzümçülük və heyvandarlıq xeyli, taxılçılıq isə qismən inkişaf etmişdi. 1977-ci ilə qədər Cahangirbəyli kəndində pambıq sahələri də mövcud olub, həmin ildən sonra ləğv edilərək üzüm sahələri salınıb. Kənddə heyvandarlığın inkişafı üçün geniş otlaq sahələri var. Kənd əhalisi baramaçılıqla da məşğul olmuş və bunun üçün yaşayış məntəqəsinin ətrafında tut bağları salınmışdı.
1993-ci ildə Cahangirbəyli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Cahangirbəyli kəndinin sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Cahangirbəyli kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpa edilməsi nəzərdə tutulur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.
İanə edək, doğma Cahangirbəyli kəndinə yeni həyat verək, Qarabağımızı birlikdə dirçəldək!