Urbisid
Məmmədbəyli
Urbisid
Qarabağ şəhidlərinin yurdu qədim Məmmədbəyli kəndini birlikdə bərpa edək
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Zəngilan rayonunun Məmmədbəyli kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Oradakı evlərin və tikililərin çoxu erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılıb.
Məlumat üçün bildirək ki, Məmmədbəyli kəndi Həkəri çayının sahilində yerləşir. Arazın sol sahilində dağlar və təpələrlə əhatə olunub. Kənddən baxanda yamyaşıl tarla sahələri, bağlar öz füsunkarlığı ilə göz oxşayırdı.
Kəndin keçmiş adı Tərəkəmə olub. XIX əsrdə kənd Məmməd bəy Zəngilaniyə məxsus olduğuna görə sonralar onun adı ilə tanınıb.
Kənddəki e.ə. 3-cü minilliyə təsadüf edən “Kum qaya” və başqa tarixi yerlər oraların daha qədim yaşayış məskəni olmasından xəbər verir.
Kənddə memar Əli Məcdəddinin tikdiyi (1305) türbə tarixi əhəmiyyətinə görə seçilir. Türbədə Yəhya ibn Məhəmməd əl-Hac adlı şəxs dəfn edilib. Türbə dövrümüzədək salamat gəlib çatan abidələrdəndir. Günbəzin yuxarı hissəsi işğal dövründə bir az dağılıb.
Kənddə tarixin sınaqlarından çıxmış ocaqlar, pirlər də var idi. Həmin ocaqlardan biri “Yel piri” yaxud “Şam piri” adlanırdı. Kimdə “yel” - revmatizm xəstəliyi olsa bura pənah gətirər, şam yandırar, xəstəliyi üçün şəfa istəyərdi. Deyilənə görə kim bura sidq-ürəklə qədəm qoysa şəfa tapar, həmin xəstəlikdən bir daha əziyyət çəkməzmiş.
Kənd qəbiristanlığında qoç şəkilli qəbir daşlarına təsadüf edilirdi ki, bu da ya orada məskən salıb yaşayanların maldarlıqla məşğul olduqlarından, ya da nə vaxtsa onu totem kimi qəbul etmələrindən xəbər verir. Kənd qəbiristanlığında hamı tərəfindən sınanılmış və inanc yerinə çevrilmiş seyidlər dəfn olunub.
Qarabağ müharibəsinin şəhidləri Ramazan Quliyev, Cümşüd Muradov və Oruc Quliyev Məmmədbəyli kəndindəndirlər.
Məmmədbəyli kəndi Azərbaycan elminə, ədəbiyyatına bir çox görkəmli şəxsiyyətlər də bəxş edib.
1993-ci ildə Məmmədbəyli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ilin 20 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Məmmədbəyli sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Məmmədbəyli kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.