Urbisid
Mincivan
Urbisid
Doğma Mincivanımıza yeni həyat verək!
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Zəngilan rayonunun Mincivan qəsəbəsidir. İşğal nəticəsində şəhər tipli qəsəbə tamamilə dağıdılaraq xarabazara çevrilib.
Oradakı evlərin və tikililərin çoxu, o cümlədən məktəblər, xəstəxanalar, uşaq bağçaları, dəmir yolu stansiyası vəhşicəsinə dağıdılıb. Düşmən buradakı relslərin bir hissəsini satıb, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurub.
Mincivan qəsəbəsi Araz çayının sahilində, rayon mərkəzinin 12 km-nin cənub qərb qütbündə yerləşir. Qəsəbə ərazisindən böyük əhəmiyyət kəsb edən magistral yol, dəmiryol xətti keçirdi.
1795-1798-ci illərdə aclıq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranıb, oradakı kəndin adını da yeni məntəqəyə veriblər. XIX əsrdə Zəngəzur qəzasında Mincivan adlı iki kənd qeydə alınıb.
Xalq etimologiyasına görə, oykonim “min cavan” kimi izah edilir. Rəvayətə görə, bu yerin müdafiəsində min cavan şəhid olub. Ad da ondan götürülüb.
Başqa bir ehtimala görə, toponim ming tayfasının adından və İran dillərinə mənsub olan, “yer, məkan, məskən” mənalarıni bildirən “van” şəkilçisindən ibarət olub, “ming məskəni, minglər” mənasını verir.
Mincivan qəsəbəsi əvvəl 30-40 evdən ibarət bir kənd olub, sonralar dəmir yolunun tikintisi ilə əlaqədar bura böyük işçi qüvvəsi axın edib. Mincivan qəsəbəsi 1927-ci ildə kənd soveti kimi yaradılıb, 1958-ci ildə isə qəsəbə ərazi vahidi kimi formalaşıb.
1989-cu ildə həyata keçirilən siyahıyaalmaya görə, Mincivanda 5506 nəfər yaşayırdı.
Mincivan qəsəbəsi inkişaf etmiş şəhər tipli qəsəbə idi. Qəsəbənin küçələri asfaltlaşdırılmış, qaz xətti çəkilmiş, 400 nömrəlik ATS quraşdırılmışdı. Qəsəbədə 3 yeni tipli orta məktəb,1 musiqi məktəbi, 3 uşaq bağçası, 2 klub, 4 kitabxana, müasir tipli xəstəxana, 2 aptek, 30-a yaxın idarə və müəssisə, 26 mağaza və iaşə obyekti fəaliyyət göstərirdi.
1993-ci ildə Mincivan qəsəbəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
2020-ci il 21 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Mincivan sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Mincivan qəsəbəsi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bərpa prosesinə öz töhfənizi verə bilərsiniz: https://qdf.gov.az/iane-et/
Qarabağı birlikdə daha gözəl bərpa edək!