Urbisid
Vənətli
Urbisid
Ermənilərin viran qoyduğu Vənətli kəndi yolumuzu gözləyir
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Zəngilan rayonunun Vənətli kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Oradakı evlərin və tikililərin çoxu erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılıb.
Məlumat üçün bildirək ki, Vənədli kimi də tələffüz edilən Vənətli kəndi Zəngilan rayon mərkəzindən 14 km şimal - qərbdə, Ələddin (Aladin) dərəsi ərazisində, Süsən meşəsinin ətəyində yerləşir. Kəndin geniş əkin-biçin, otlaq sahələri, meşə ərazisi, iki böyük süni gölü olub.
Tarixi qaynaqlara görə, vənətlilər 1820–1830-cu illərdə Ordubadın Vənənd kəndindən köçüb gələn qardaşların nəslindən törəmədirlər. Oykonim “Vənənddən gələnlər, vənəndlilər” mənasındadır.
1993-cü ildə erməni qəsbkarları tərəfindən işğal olunana qədər kənddə orta məktəb, uşaq bağçası, ətraf 15 kəndə xidmət göstərən 50 çarpayılıq xəstəxana, ətraf 7 kəndə xidmət göstərən poçt və ATS, kitabxana, klub, mağazalar, baytarlıq müalicəxanası və digər sosial obyektlər olub.
Bundan başqa kənddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb. Digər tikililər kimi həmin abidə də erməni barbarları tərəfindən dağıdılaraq yararsız hala salınıb.
Əhalisi əsasən heyvandarlıq - maldarlıq, üzümçülük, əkinçilik, meşə təsərrüfatı ilə məşğul olub.
İşğaladək kənddə 90 ev, 495 nəfər əhali olub. Hazırda vənətlilər əsasən Bakı və Sumqayıt şəhərlərində yaşayırlar.
1993-ci ildə Vənətli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ilin 23 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Vənətli sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Vənətli kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.