Urbisid
Şirin su hamamı
Urbisid
Şuşanın məşhur Şirin su hamamı
Qafqazın incisi hesab olunan Şuşa şəhərinin zəngin memarlıq abidələrinin içərisində özünəməxsusluğu ilə seçilən abidələrdən biri də Şirin su hamamıdır.
Xan qızı Xurşidbanu Natəvan bu hamamı 1878-1880-ci illərdə Qarabağın zəngin tacirlərindən olan Hacı Rzaqulu bəy Ağakişi bəy oğlu Şəmsiyev ilə birlikdə Bazar başında, Şuşanın Merdinli məhəlləsinin girişində tikdirib. Memarı Kərbəlayi Səfixan Qarabağidir.
Milli memarlıq ənənələrini özündə əks etdirən hamamın birmərtəbəli binası plan kompozisiyasına görə düzbucaqlı formadadır.
Hamam Natəvanın 1873-cü ildə Şuşaya çəkdirdiyi içməli su ilə işlədiyinə görə Şirin su hamamı adlandırılıb. Hamam həftənin tək günlərində kişilərə, cüt günlərində isə qadınlara xidmət edib.
Xan qızı saxsı borularla şəhərə su çəkdirərkən bir qol da hamam üçün ayırmışdı. Şəhərin digər hamamlarında şor sudan istifadə edildiyi halda həmin hamam şəhərə çəkilən şirin su ilə işləyirdi. Elə buna görə də Hacı Rza hamamına el arasında “Şirin su hamamı” deyilirdi.
Tacirin oğlanları İsmayıl bəy və Ağakişi bəy ataları vəfat edəndən sonra da onu işlədiblər və sonralar el arasında “Ağakişi bəyin hamamı” kimi tanınıb. Böyük Vətən müharibəsi illərinədək işləyən hamam sonralar baxımsızlıq ucbatından fəaliyyətini dayandırıb. Ötən əsrin 80-ci illərinin axırlarında bərpa edilib.
2001-ci il avqustun ikisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli Qərarı ilə hamam ölkə əhəmiyyətli tarixi abidə kimi qeydə alınıb.
Hamam 1992-ci ildə Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinə qədər fəaliyyət göstərib. İşğaldan sonra binanın özü salamat qalsa da daxilində müəyyən dəyişikliklər edilib. Divardakı rəsmlər silinib, daxilində hamama aid olmayan hovuz tikilib.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. Yaxın vaxtlarda bərpası nəzərdə tutulan abidə və tikililərin içində Şirin su hamamının da olacağı şübhə doğurmur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bərpa prosesinə öz töhfənizi verə bilərsiniz.
Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.