Urbisid
Zöhrabbəyovların yaşayış evi
Urbisid
Zöhrabbəyovların Şuşadakı məşhur evinə yeni həyat verək
Qarabağın baş tacı sayılan Şuşa yalnız gözəl təbiəti, saf havası, məşhur insanları, musiqisi ilə deyil, həm də çoxsaylı gözəl tikililəri, evləri ilə məşhurdur. Belə evlərdən biri də Şuşanın qədim bəy nəslindən olan Zöhrabbəyovların malikanəsidir.
Qeyd edək ki, evin tikintisi Əli Əkbər bəy Zöhrabbəyovun vaxtında başlanıb, onun oğlu Abbasqulu bəy Zöhrabbəyovun vaxtında isə başa çatıb. Cıdır düzünün yaxınlığında yerləşən evin tikintisinə İran və Türkiyədən də ustalar cəlb edilsə də, memarı Qarabağ əsilli Kərbəlayi Səfi bəy Qarabağidir.
Ev sənət əsərləri və Abbasqulu bəyin xarici səfərlərindən gətirdiyi çoxlu xalçalarla bəzədilmişdi və vitraj güzgüləri ilə bütün Qarabağda məşhur idi. Evin pilləkən və eyvanları ağacdan hazırlanmışdır.
Binanın bir tərəfi dörd, digər tərəfi üç mərtəbəli olan evin son dərəcə iri və geniş şüşəbəndi başdan-ayağa antik rəsmlərlə bəzədilmişdi. Hər mərtəbədə 200-250 nəfərlik zal, şüşəbənd, yataq otağı, uşaq otağı, buxarılı mətbəx, ayaqyolu, kanalizasiya xətti var idi.
Rusiya İmperiyasında ikinci gildiya taciri olan Abbasqulu bəy tez-tez İran, Türkiyə və Orta Asiya ölkələrinə səfər edirdi. Onun əsasən ərəb və fars dillərində əsərlərdən ibarət böyük bir kitabxanası var idi və hər iki dili çox yüksək səviyyədə bilirdi.
Bütün qarabağlılar kimi olduqca qonaqpərvər olan Zöhrabbəyovlar ailəsi qonaq qəbul etməyi çox sevirdi. Buna görə də Qarabağa səfər edən bir çox məşhur və tanınmış şəxslər Zöhrabbəyovların evində qonaq olurdular.
Lakin təəssüf ki, Zöhrabbəyovların bu evdə keçirdikləri xoş günlərin ömrü elə də uzun sürmür. 1937-ci ildə sovet əsgərləri zorla evə soxularaq evin bütün əşyalarına əl qoyurlar. Evdəki bütün xalçaları, hətta yorğan-döşəyi belə aparırlar. Bu hadisə Zöhrabbəyovlar ailəsinə çox pis təsir edir. Üç il sonra, 1940-cı ildə ailə Bakıya köçür, evləri isə rəsm qalereyasına çevrilir.
1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal ediləndən sonra şəhərdəki bir çox binalar kimi Zöhrabbəyovların evi də ciddi dağıntıya məruz qalıb. Erməni vandallar evin çox hissəsini uçuraraq yararsız hala salıblar.
Dəyərli oxucular, sevindirici bir xəbəri də sizinlə bölüşmək istərdik.
Bu yaxınlarda Abbasqulu bəyin kiçik qızı Məryəm xanım düz 82 ildən sonra arzusunu gerçəkləşdirərək ata-baba evini ziyarət etdi. Şuşanı tərk edən zaman onun 10 yaşı var idi, indi isə 91 yaşı var. Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən gerçəkləşdirilən ziyarət Məryəm xanımı bir anlıq 82 il əvvələ, qayğısız uşaqlıq illərini keçirdiyi dövrə apardı. Onun həmin an hansı hissləri keçirdiyini təsəvvür etmək belə çətindir.
“Uşaqlıq evimi sovet hakimiyyəti dövründə deyil, məhz müstəqil Azərbaycan dönəmində, doğma şəhərim yenidən azad olandan sonra yenidən görmək mənə qismət olduğu üçün çox şadam”,- deyir Məryəm xanım.
Qeyd edək ki, Məryəm xanım bəy nəslinin nümayəndəsi olmaqla yanaşı, Azərbaycanda kifayət qədər məşhur bir şəxsdir. O, 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsinin jurnalistika kafedrasından məzun olduqdan sonra ölkəmizin ilk qadın redaktoru olub və 50 ildən artıq müddətdə Azərbaycan radiosunda çalışıb. Onun rəhbərliyi altında “Ana” və “Sağlamlıq” kimi dövrünün məşhur radiojurnalları efir üzü görüb.
Əlbəttə, hazırda həmin möhtəşəm evdən demək olar ki, əsər-əlamət qalmayıb. Ancaq təəssüf doğuran hisslər geridə qaldı. Artıq Şuşa azaddır və şəhərdəki digər tikililər kimi Zöhrabbəyovların məşhur evi də düşmən əsarətindən xilas edilib.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. Bərpası nəzərdə tutulan abidə və tikililərin içində Zöhrabbəyovların Şuşadakı məşhur evinin də olacağı şübhə doğurmur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bərpa prosesinə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.