Urbisid
Üzeyir Hacıbəylinin ev muzeyi
Urbisid
Dahi bəstəkar Üzeyir Hacıbəylinin Şuşadakı ev muzeyinə yeni həyat verək
Azərbaycan musiqisindən danışanda ilk olaraq onun adı yada düşür. Bəli, söhbət dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylidən gedir.
Əslən Şuşadan olan dahi bəstəkar 1885-ci il sentyabrın 18-də Ağcabədidə dünyaya gəlib. Uşaqlığı Qafqazın “konservatoriyası” adlandırılan Şuşada keçib. Şuşanın gözəl təbiəti, zəngin ifaçılıq mühiti onun musiqi istedadının inkişafına böyük təsir göstərib.
Azərbaycan mədəniyyətinin və musiqisinin inkişafında misilsiz xidmətləri olan dahi bəstəkarın doğum günü – 18 sentyabr 1995-ci ildən Azərbaycanın Milli Musiqi Günü kimi qeyd edilir.
Üzeyir Hacıbəyli 1948-ci il noyabrın 23-də dünyasını dəyişdikdən sonra Azərbaycan SSRİ Nazirlər Soveti onun adının əbədiləşdirilməsi məqsədilə Bakıda və Şuşada ev muzeylərinin yaradılması ilə bağlı qərar qəbul edir. Şuşadakı ev muzeyi 1959-cu ildə fəaliyyətə başlayır.
İlk vaxtlar bu muzey 4 otaqdan ibarət olub. Sonradan bəstəkarın 100 illik yubileyi ilə əlaqədar 1985-ci ildə muzey genişləndirilib, bir hissəsi ikimərtəbəli, digər hissəsi isə birmərtəbəli olaraq memorial evə çevrilib. Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatlardan, o cümlədən Azərbaycan Tarixi Muzeyindən Üzeyir Hacıbəyliyə aid bir çox əşyalar muzeyə verilib. Burada Üzeyir bəyin gipsdən heykəli ucaldılıb.
Muzeyin birinci otağında Üzeyir Hacıbəylinin həyatının ilk illərinə aid qiymətli materaillar – tələbəlik illərinə aid eksponatlar, habelə 1920-ci ilədək qohum və ailə üzvlərinin foto şəkilləri sərgilənib. Muzeyin ekpozisiyasında bəstəkarın ilk yaradıcılığına aid zəngin əşyalar – ilk əsərlərinin əlyazmaları qoyulub. İkinci, üçüncü və dördüncü otaqda bəstəkarın sovet dövrünə aid olan fəaliyyətini əhatə edən ekponatalar sərgilənib. İkinci otaqda həmçinin bəstəkarın heykəli də qoyulmuşdu.
Ermənistan silahlı qüvvələrinin işğalınadək muzeyin 1700-ə yaxın eksponatı olub. İşğal zamanı Üzeyir Hacıbəyliyə aid edilən yalnız 136 şəxsi əşya hazırda Bakıda fəaliyyət göstərən ev muzeyinə gətirilib. 1600-ə yaxın eksponat isə erməni vandalları tərəfindən məhv edilib.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. Şuşanın azad edilməsindən sonra şəhərdəki digər binalar və tikililərlə yanaşı Üzeyir Hacıbəylinin ev muzeyində də təmir-bərpa işlərinə başlanıb. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bərpa prosesinə öz töhfənizi verə bilərsiniz.
Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.