Urbisid
M.P.Vaqifin türbəsi
Urbisid
Molla Pənah Vaqifin türbəsi - Qarabağın dirçəlişinin yeni rəmzi
Qarabağın musiqi beşiyi sayılan Şuşanın qeyri-adi quruluşu ilə seçilən tikililərindən biri də Azərbaycanın görkəmli şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri Molla Pənah Vaqifin türbəsidir.
Türbə ümummilli lider Heydər Əliyevin göstərişi ilə 1982-ci ildə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Ə.V.Salamzadə və əməkdar memar E.İ.Kanukovun layihəsi əsasında tikilib.
1982-ci il yanvarın 14-də Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqif türbəsinin və Poeziya Evinin təntənəli açılışı olub. O qarlı gündə keçirilən açılış mərasiminə Şuşaya tanınmış, istedadlı sənət adamları toplaşıb. Həmin gün milli mədəniyyət və sənət bayramına çevrilib. Elə həmin vaxt Heydər Əliyev hər il Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib.
Məlumat üçün bildirək ki, Vaqifin türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışlarının təşkil edildiyi məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucaldılıb.
Türbənin inşası məsələsi həll edilərkən ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınıb və Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə olunmasına qərar verilib. Müəlliflər xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş şəkildə müraciət ediblər.
Hündürlüyü 20 metrə çatan bu gözəl sənət əsərində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilib.
Şairin abidəsi kompozisiyanın tamlığı və formaların plastik zənginliyi ilə də fərqlənir. O, planda kvadrat şəkilli, aşağısı bir qədər geniş, oturacaq şəklində olan xaricdən qırmızımtıl Qarabağ mərməri ilə üzlənmiş hündür bürcdür. Türbənin oturcağının üç tərəfindən başqa bütün fasadların hündürlüyü boyunca anodlaşdırılmış alüminium şəbəkə ilə örtülüb.
Türbənin şəhərə baxan tərəfi təsirli baştağ görkəmi ilə nəzərə çarpır. Baştağın atqısında ağ mərmərdən böyük hərflərlə şairin adı həkk edilib. Ağ mərmər salonun mərkəzində şairin qəbri üzərində qara mərmərdən sənduqə qoyulub.
Türbənin daxili memarlığına işıq və hava hopdurulması və heykəltəraş A.Mustafayevin işi olan qabartmanın əlavə edilməsi şairin abidəsini daha da zənginləşdirib. Girişə yönəldilmiş qabartma heykəl interyerin miqyası ilə yaxşı uyğunlaşdırılıb. Şəbəkələrdən süzülən işıq şüaları insanda dinamik işıq və kölgə strukturlu daxili məkan haqqında nəhənglik, təmtəraq və romantik coşğunluq kimi xoş duyğular oyadır.
Türbənin konstruksiya həlli monolit dəmir-beton karkasa əsaslanır. Bəzək vurmaq üçün yalnız yerli inşaat materiallarından istifadə edilib. Müəlliflər Azərbaycanın bürclü türbələrinin kompozisiyalı tərtibatı ənənələrini davam etdiriblər.
Ənənədən fərqli olaraq qülləvari abidənin günbəzlə qurtarmaması, ümumi kompozisiyanın müasir bədii həllini tapıb. Günbəz əvəzinə yastı dəmir-beton örtük layihələşdirilib. Örtüyün yanlarından çıxıntı əmələ gətirən yüksək söykənəcəklər, fasadların zərif alüminium şəbəkələri ilə şaquli kompozisiyada xüsusi yüngüllük, milli xüsusiyyət və uçuş təəssüratı yaradır.
Gözəl təbiət mənzərəsi ilə təsirli təzad təşkil edən, irimiqyaslı abidəvi kompozisiyasına görə yadda qalan, dəqiq və təsirli siluetə malik abidə ustalıqla gözəl dağ mənzərəsinə daxil edilib.
Yüksək peşəkar səviyyədə hazırlanmış Vaqifin türbəsi qoruq şəhər olan Şuşanın memarlıq üslubuna yeni bir nəfəs gətirmiş gözəl abidədir.
1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra Molla Pənah Vaqifin türbəsi də dağıdılıb, burada sərgilənən bütün eksponatlar isə məhv edilib.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. Qısa müddətdə bir sıra tikililər bərpa olunub ki, onların içərisində Molla Pənah Vaqifin türbəsi də var. Belə ki, 2021-ci il avqustun 29-da Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar.
Məlum olduğu kimi, ermənilər işğal dövründə şəhər və kəndlərimizlə yanaşı tarixi abidələrimizi və tikililərimizi də məhv ediblər. Molla Pənah Vaqifin türbəsi kimi həmin abidələrin də bərpası bu gün qarşımızda duran əsas vəzifələrdən biridir. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.