Urbisid
M.M.Nəvvabın evi
Urbisid
Ermənilərin talan etdiyi Mir Möhsün Nəvvabın ev-muzeyinə ikinci nəfəs verək
Şuşa şəhəri Azərbaycanın yalnız musiqi beşiyi deyil, eyni zamanda bir çox tarixi abidələri, tikililəri ilə məşhurdur. Burada həm də bir çox tanınmış yazıçıların, şairlərin, incəsənət adamlarının ev muzeyləri mövcuddur. Onlardan biri görkəmli müsiqişünas, şair, rəssam və elm adamı Mir Möhsün Nəvvabın ev-muzeyidir.
Sözügedən muzey Şuşa şəhərinin tarixi Mamayı məhəlləsi ərazisindəki Nəvvab küçəsində (keçmiş Komsomolskaya) iki mərtəbəli evdə yerləşirdi. Mir Möhsün Nəvvab bu evdə yaşayıb və fəaliyyət göstərib.
Məlumat üçün bildirək ki, Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulub və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmayıb. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəyib, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnib.
Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib. Şeirlər yazıb, özünün açdığı mətbəədə kitablar nəşr edib, məktəblərdə dərs deyib, elm və incəsənətin müxtəlif sahələrinə həsr olunmuş iyirmidən artıq kitab yazıb, “Məclisi-fəramuşan” adlı ədəbi, “Məclisi-xanəndə” adlı musiqi məclisləri qurub.
Hələ Mir Möhsün Nəvvabın adını daşıyan muzey yaranmamışdan 9 il öncə - “Şuşa” qəzetinin 1981-ci il 15 avqust tarixli sayında böyük sənətkarın xatirə muzeyinin hazırlandığı qeyd olunub. Yazıda bildirilib ki, M.M.Nəvvabın yaşamış olduğu binada şair-rəssamın özü tərəfindən çəkilmiş, müxtəlif mövzularda işlənmiş lövhələr bərpaçı-rəssamlar tərəfindən yenidən işlənib öz əvvəlki görkəminə salınır. Bina bərpadan sonra görkəmli şairin ev muzeyinə çevriləcək. Muzey isə naməlum səbəblərdən xeyli sonra - 1990-cı ilin noyabr ayında Mir Mövsün Nəvvabın vaxtilə yaşadığı mənzildə ev muzeyi statusunda fəaliyyətə başlayıb.
Divar rəsmləri ilə bəzədilən muzeydə Mir Möhsün Nəvvabın həyat və yaradıcılığından bəhs edən 130 eksponat sərgilənirdi. Eksponatlar içərisində sənətkara məxsus çap maşını, teleskop, özünün çəkdiyi rəsm əsərləri var idi. Muzeydə M.M.Nəvvabın çapçılıq fəaliyyətini isbatlayan eksponatlar da mövcud idi.
Onun ən dəyərli eksponatı Əmir Teymurun portreti olub. Rəssamlar bu əsərə yüksək qiymət veriblər.
Ev muzeyinin ilk direktoru isə Xuraman Ağayeva olub.
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində muzeyin binası və eksponatların çoxu məhv edilib. Xilas edilən eksponatlar, eyni zamanda Nəvvabın Şuşa məscidindəki əşyaları hazırda İncəsənət Muzeyində qorunur.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. Bərpası nəzərdə tutulan abidə və tikililərin içində Mir Möhsün Nəvvabın ev-muzeyinin də olacağı şübhə doğurmur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bərpa prosesinə öz töhfənizi verə bilərsiniz.
Yaşayış yerindən asılı olmayaraq hər kəs ianə edərək Şuşaya yeni həyat verməklə tariximizin bərpasına dəstək ola bilər.
Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.
İanə edək, Qarabağımızı birlikdə dirçəldək!