Urbisid
Saatlı məscidi
Urbisid
Ermənilərin darmadağın etdiyi Saatlı məscidinə yeni həyat verək
Qarabağın musiqi beşiyi sayılan Şuşa şəhərinin tarixi-mədəniyyət abidələrindən biri də Saatlı məscididir.
Məscid Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə imamzadə türbəsinin müəllifi olan Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilib. Bu haqda məlumat məscidin əsas fasadında yerləşdirilmiş inşaat kitabəsində verilir.
Memarın son əsərlərindən biri hesab edilən məsciddə 1980-ci illərdə restavrasiya işləri aparılıb. Ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.
Məscidin inşa ediliyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub.
Şuşanın düz fasadlı məcidlərindən olan Saatlı məscidi, əsas fasadında assimetrik girişə malikdir. Onu Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət minarəyə malik olmasıdır. Belə ki, şəhərdəki bu tipli digər məscidlərin damında müəzzin üçün kiçik köşk yerləşdirilsə də, Saatlı məscidi üçün rəngarəng kərpiclərdən istifadə edilməklə zəngin naxışlarla bəzədilmiş minarə inşa edilib.
Aşağı və Yuxarı Gövhər ağa məscidlərindən fərqli olaraq Saatlı məscidinin minarəsi məscid binası ilə bitişik deyil və minarəyə giriş məscidin daxilindən yox, həyətindən həyata keçirilir.
Saatlı məscidinin Divanxana meydanından effektiv görünən, ifadəli rəngarəng vertikalı ilə özünəməxsus kompozisiya silueti yaradan minarəsi yerləşdiyi küçənin memarlıq ansamblında tamamlayıcı rol oynayır. Minarənin üstü çadır formalı gümbəzlə tamamlanır.
Məscidin interyerlərinin işlənməsində qabartma və yapma bəzəklərdən bol istifadə olunub.
1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğalından sonra məscid xarabalığa çevirilib, onun zəngin interyerləri tamamilə, minarəsi isə qismən dağıdılıb.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. Bərpası nəzərdə tutulan abidə və tikililərin içində Saatlı məscidinin də adı var. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz.
Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.