Urbisid
Əsəd Bəyin evi
Urbisid
Şuşanın məşhur əsilzadəsi Əsəd bəyin ermənilər tərəfindən anbara çevrilən məşhur evi
Qarabağın baş tacı sayılan Şuşada çoxsaylı tarixi-memarlıq abidələri, tikililər yerləşir ki, onlardan biri də Şuşanın ən məşhur əsilzadələrindən olan Əsəd bəyin evidir.
Qeyd edək ki, Voroşilov küçəsində yerləşən malikanə XVIII əsrin əvvəllərində inşa edilib.
Uzadılmış düzbucaqlı formasına malik evin birinci mərtəbəsindəki otaqlar üç qrupa bölünüb: mərkəzdə iri zal və onun ətrafında kiçik otaqlar, iki tərəfdə isə hər biri iki otaqdan ibarət olan daha iki qrup otaq yerləşir. Evin mərtəbələri arasında daxili əlaqə mövcud deyil. İkinci mərtəbəyə evin fasadının hər iki küncündə inşa edilmiş iki daş pilləkənlə qalxmaq olar.
Qonaq zalı bütün fasad boyunca yerləşdirilmiş nəhəng şəbəkə pəncərəyə malikdir. Həm vestibüllərdən, həm də dəhlizlərdən zalın ətrafındakı otaqlara qapılar açılır.
İri qonaq zalı ilə yanaşı, Əsəd bəyin evinin ikinci mərtəbəsində bir qədər kiçik ölçülərə malik olan və tikilinin qərb tərəfində yerləşən ikinci zal da var. Bu zalla yanaşı evin ikinci mərtəbəsində daha 10 otaq da inşa edilib.
Birinci mərtəbənin inşasında yerli ağ qaya daşlarından, ikinci mərtəbənin inşasında isə bişmiş qırmızı kərpicdən istifadə olunub.
Memarlıq xüsusiyyətlərinə gəlincə, Əsəd bəyin evinin memarlıq və plan həllində Şəki şəhərində yerləşən Şəkixanovların evi ilə çoxlu ortaq xüsusiyyətlər var. Şəkixanovların evində olduğu kimi, Əsəd bəyin də evinin kompozisiya mərkəzində T-formalı böyük zal yerləşir. Evin digər otaqları isə həmin bu zalın ətrafında qruplaşdırılıb.
Əsəd bəyin evini bu cür plana malik əsilzadə evlərindən fərqləndirən əsas xüsusiyyət onun çoxotaqlı olmasıdır.
1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal ediləndən sonra şəhərdəki bir çox binalar kimi Əsəd bəyin evi də erməni vandalizminin qurbanına çevrilərək yararsız vəziyyətə düşüb. Ermənilər evi anbar kimi istifadə ediblər.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. Yaxın vaxtlarda bərpası nəzərdə tutulan abidə və tikililərin içində Əsəd bəyin Şuşadakı məşhur evinin də olacağı şübhə doğurmur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bərpa prosesinə öz töhfənizi verə bilərsiniz.
Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.