Urbisid
Arış
Urbisid
Ermənilərin dağıtdığı Arış kəndi sakinlərini gözləyir
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Füzuli rayonunun Arış kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Kənddəki bütün tikililər, bulaqlar belə vəhşicəsinə dağıdılıb.
Arış kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Kəndin adı Osmanlı türkcəsində Əriş formasındadır. Türk dillərində arış sözü “Tayfanın (elin) qolu” mənasını ifadə edib.
Kənddə 1993-cü ilə kimi 70-ə yaxın ev olub. Əhali əsasən kənd təsərrüfatı - əkinçilik, maldarlıq və heyvandarlıqla məşğul olurdu.
1993-ci ildə Arış kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Arış kəndinin sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Arış kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış digər yaşayış məntəqələrimiz kimi Arış kəndinin də bərpa edilməsi nəzərdə tutulur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.
İanə edək, doğma Arış kəndinə yeni həyat verək, Qarabağımızı birlikdə dirçəldək!