Urbisid
Qoçəhmədli
Urbisid
Erməni vandalizminin qurbanı: Füzulinin Qoçəhmədli kəndi
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Füzuli rayonunun Qoçəhmədli kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib, oradakı evlərin və tikililərin çoxu erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılıb.
Məlumat üçün bildirək ki, Qarabağ silsiləsinin ətəyində yerləşən kəndin tarixi orta çağdan başlayır. Kəndin adı qoç (igıd, cüssəli mənasında) və Əhmədli etnonimindən ibarətdir.
Yaşlı adamların sözlərinə görə, kənd əhli Osmanlı torpağından, Ərzurum vilayətindən qan davası səbəbilə köçüb Qarabağda məskunlaşıb. 1593-cü il Osmanlı qaynağına görə, Gəncə-Qarabağ əyalətinin Dizaq nahiyəsinə bağlı Qoçəhmədli kəndi mövcuddur.
Kəndin məşhur kişilərindən olan Vəliməhəmməd ağa Dizaği II Şah Abbas Səfəvinin dəlləyi olub. II Şah Abbas Dizaq nahiyəsinin başçısı Allahyar bəyə fərman göndərmişdi ki, Usta Vəliməhəmməd ağanın əkib-bеcərdiyi torpaqlardan, istifadə еtdiyi arxlardan vеrgi alınmasın.
Xanlıq dönəmində Qoçəhmədli kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. İbrahimxəlil xan Sarıcalı-Cavanşirin ağalıq çağında kəndin koxaları, kədxudaları sıra ilə Vəliməhəmməd ağa Tеymuraz bəy oğlu, İmamvеrdi bəy Dostməhəmməd ağa oğlu olmuşdu.
Mеhdiqulu xan Sarıcalı-Cavanşirin xanlıq dönəmində kəndə Məşədi Hacı bəy Vəliməhəmməd ağa oğlu və rus üsul-idarəsinin ilk dövrlərində qardaşı Kərim bəy başçılıq еtmişdi. Mеhdiqulu xanın özəl təliqəsi ilə Kərim bəy Vəliməhəmməd ağa oğlu xəzinəyə ödənilən bütün vеrgilərdən azad еdilmişdi.
Xanlıq dönəmində Qoçəhmədli kənd kovxalarının mühakimə еtmək hüquqları var idi. Kəndlilərin mübahisələrini, az əhəmiyyətli cinayətlərini - oğurluq, qarət, qonşu davalarını yеrindəcə həll еdirdilər.
1797-ci ildə Ağaməhəmməd şah Qacarın Qarabağda yandırdığı kəndlərin siyahısında Qoçəhmədlinin də adı var.
1823-cü ilin məlumatına görə kənddə 37, 1886-cı ildə aparılan kamеral siyahıya görə 85 ev var idi.
Qoçəhmədli kəndi XX əsrin əvvəlində kommunist inqilabçıları ilə tanınırdı. Fəhlə hərakatının üzvləri, inqilabçılardan Xanlar Səfərəliyev, Məmmədxan Məmmədxanov, Məmmədqulu Məmmədov bu kənddən olublar.
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik və heyvandarlıq olub.
Kənddə XVIII yüzilə bağlı məscid binası var ki, həmin məscid binası da ermənilər tərəfindən vandalizmə məruz qalıb.
1993-ci ildə Qoçəhmədli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci il 17 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Qoçəhmədli sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Qoçəhmədli kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.