Urbisid
Qarğabazar
Urbisid
Erməni vəhşiliyi: Qarğabazar kəndindəki qədim karvansara mal tövləsinə çevrilib
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Füzuli rayonunun Qarğabazar kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib.
Kənddəki bütün evlər və tikililər, o cümlədən orta məktəb, iki məktəbəqədər uşaq bağçası, klub, idarə binası, xəstəxana vəhşicəsinə dağıdılıb.
Оrta çağlara bağlı qaynaqlarda kəndin adı Qarğabazarı yazılıb. 1727-ci ildə Оsmanlı qaynağında Qarğabazarı kəndinə aid bilgi var. Həmin bilgiyə görə, kənddə dövlətə vergi ödəyən 9 ailə yaşayırmış. 1886-cı ilə aid məlumatda isə kənddə 56 evin olduğu və 361 azərbaycanlının (onlar tatar kimi qeyd olunub) yaşadığı göstərilib. Onlardan da 7 nəfəri bəy, digər əhali isə kəndlilər olub. 1912-ci ilin məlumatına görə, kənddə 610, 1977-ci ilin məlumatına görə isə, 823 nəfər yaşayıb.
Qarğabazar kənd adının mənşəyi ilə bağlı bəzi rəvayətlər mövcuddur. Deyilənə görə, ticarət yollarının üzərində yerləşən kənddə böyük bir bazar olub. Bu bazar həddən artıq səs-küylü imiş. Elə bu səbəbdən də buraya gəlmiş tacirlər kəndin adını “qarğalıbazar” qoyublar (yəni buradakı qarışıq səslər qarğa-quş səs-küyünə bənzədilib). Sonralar isə “qarğalı” sözündəki “lı” şəkilçisi düşüb və sadəcə olaraq elə “Qarğabazarı” ifadəsində işlədilib. Bundan əvvəl kəndin necə adlandırılması isə təəssüf ki, dəqiq məlum deyil. Lakin qədim tarixi qaynaqlarda indiki Qarğabazar kəndində Alban tayfalarından olan Qarqar tayfalarının yaşadığı qeyd olunub. Bu da kəndin ilk adının məhz “Qarqar” və ya “Qarqarlar” olmasını söyləməyə əsas verir.
Bu kənd təbii daş yataqları ilə zəngin olan İlanlı dağına çox yaxın olduğundan buradakı xalq yaşayış binaları lap qədimlərdən daşla bir və ya iki mərtəbəli tikilib. Kəndin salındığı yer dağətəyi yer olduğu üçün əksər evlərin birinci mərtəbələri yarızirzəmi formadadır.
Əvvəlcə kəndi İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən ağa Cavanşir, sonra isə onun oğlu Cəfərqulu xan idarə edib.
İşğala qədər kənddə yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və heyvandarlıq olub. Kənddə orta məktəb, klub, kitabxana, xəstəxana, rabitə şöbəsi, həmçinin kəndin yaxınlığında heyvandarlıq kompleksi fəaliyyət göstərib.
Kənddə bir sıra qədim tarixi abidələr mövcud olub. Misal olaraq e.ə. II əsrə aid küp qəbirləri, 1681-ci ildə tikilmiş karvansaranı (kəndin işğalından sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çevirmişdilər), qədim hamamın dağıntılarını, XVIII əsrə aid türbəni qeyd etmək olar.
Bundan başqa Qarabağın qədim məscidlərindən biri də Qarğabazar kəndində yerləşir. 1682-ci ildə tikilən və el arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda onu tikən şəxsin adı ilə Hacı Qiyasəddin məscidi kimi öz əksini tapıb.
1993-ci ildə Qarğabazar kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci il 20 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Qarğabazar kəndinin sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Qarğabazar kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.
İanə edək, Qarabağımızı birlikdə dirçəldək!