Urbisid
Üçbulaq
Urbisid
İşğaldan azad olunan Üçbulaq kəndi yolumuzu gözləyir!
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Füzuli rayonunun Üçbulaq kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Oradakı evlər və tikililər erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılıb.
Məlumat üçün bildirək ki, Üçbulaq kəndi rayon mərkəzindən 7 km qərbdə, Qarabağ silsiləsinin ətəyində, Araz çayının sol sahilində, Mil düzündə yerləşir.
Kəndin qədim adı Hoğadır. 1593-cü ilə bağlı Оsmanlı qaynağında Hоğa kəndi ilə bağlı məlumat verilir. 1727-ci ilə bağlı qaynaqda yazılır: “Dizaq nahiyəsinə tabe оlan Hоğa kəndi. Kəndin əhalisi əkinçiliklə məşğul idi. Dənli bitkilərdən buğda, arpa, darı və pərinc əkirdilər. Baramaçılıqla məşğul olanlar da vardı. Kəndin gəliri 9.600 axça idi”.
XVIII yüzilin önlərində kəndin kоvxası Həsənxan Heydər оğlu idi. Xanlıq dönəmində kənd xəzinə mülkü idi. İbrahimxəlil xan sоnra bu kəndi vəliəhdi Məhəmmədhəsən ağaya verdi. Məhəmmədhəsən ağa vəfat edəndən sоnra оğlu Xancan ağaya qaldı.
İşğala qədər kənddə məktəb, klub, kitabxana və s. var idi.
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik, taxılçılıq, üzümçülük və heyvandarlıq olub.
Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Hoğa kəndi Üçbulaq kəndi adlandırılıb.
1992-ci ildə Birinci Qarabağ Müharibəsi zamanı Üçbulaq kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni barbarlar kənddəki evlər və tikililərlə yanaşı qəbirləri də dağıdaraq yerlə yeksan ediblər.
2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Üçbulaq sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Üçbulaq kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub.
İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz.
Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.