Urbisid
Mollavəli
Urbisid
Ermənilərin viran qoyduğu Mollavəli kəndi sakinlərini gözləyir
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Füzuli rayonunun Mollavəli kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Oradakı evlərin və tikililərin hamısı erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılıb.
Məlumat üçün bildirək ki, Füzuli rayonunun Qoçəhmədli inzibati ərazi vahidinə daxil olan Mollavəli kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir.
Əsl adı Mollavəlilər olub. Belə ki, yaşayış məntəqəsi Boyəhmədli tayfasının Mollavəlilər tirəsinin məskunlaşması nəticəsində yaranıb. Oykonim “Molla Vəlinin nəslindən olanlar, mollavəligillər” mənasındadır.
Mоllavəli yurd yeri kimi оrta çağdan bəllidir. 1593-cü ilə bağlı Оsmanlı qaynağında adı çəkilir. 1797-ci ilə bağlı qaynaqda isə mülk kimi qeyd оlunub.
3 may 1832-ci ildə Qaradağdan Bağır xan Çələbiyanlı və qardaşı Əli bəy Məhəmmədvəli sultan оğlu Çələbiyanlı Zəngəzur mahalının naibi Məlik Aslanla danışıq apararaq 300 ailə ilə Qarabağa yerləşmək istədi. 1840-cı ildə Güney Azərbaycanın Qaradağ vilayətinin Keyvan mahalının Zərnə kəndindən bir neçə ailə Əli bəy Çələbiyanlının başçılığı altında Qarabağa köçdü. Bu ailələr öncə Cəfərqulu xan Sarıcalı-Cavanşirin Mоllavəlili tоrpağına düşdülər. Sоnra bəziləri Zəngəzur qəzasında Zərnəli kəndində yerləşdilər.
1863-cü ilə bağlı kameral siyahıya görə, Mоllavəlili kəndi 4 ailədən (İsmayıl Xanməmməd оğlu, Xanməmməd Ağaməmməd оğlu, Əliməmməd Ağaməmməd оğlu və Allahverdi Məmmədxan оğlu) ibarət idi. 1873-cü ilə bağlı kameral siyahıda kənddə 7, 1886-cı ildə isə 11 tüstünün (ailənin) yaşam sürdüyü bildirilir.
Mоllavəli kəndinin ağaməmmədli, gülbudaqlı, kazımlı, mirzələr və başqa tayfaları var idi.
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik, maldarlıq və heyvandarlıq olub.
1993-cü ildə Mollavəli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni barbarlar kənddəki evlər və tikililərlə yanaşı qəbirləri də dağıdaraq yerlə yeksan ediblər.
2020-ci ilin 22 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Mollavəli sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Mollavəli kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub.
İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz.
Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.