Urbisid
Aşağı Veysəlli
Urbisid
Erməni barbarlarının viran qoyduğu Füzulinin Aşağı Veysəlli kəndi
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Füzuli rayonunun Aşağı Veysəlli kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Oradakı evlərin və tikililərin demək olar ki, hamısı erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılıb.
Məlumat üçün bildirək ki, Aşağı Veysəlli kəndi rayon mərkəzindən 17 km şimal-şərqdə, Qarasu çayının sol sahilində, düzənlik ərazidə yerləşir. Kəndin adı Qarabağda orta əsrlərdə yaşamış Otuziki tayfasının Veysəlli oymağının adındandır.
Şuşa xanlığının Vərəndə ərazisinin Veysəlli obası “Kor bulaq”-ın üstündə yerləşib. Erməni-müsalman davası başlayanda, təxminən 1830-1840-cı illərdə Qızıl qaya ətəyinə köçən Veysəlli tayfasının bir hissəsi əvvəlki yurdlarına yox, bir az aşağı, “Qara Kəhriz”-in üstündə olan Köyək dağının ətəyinə qayıdaraq məskən salmağa başlayıblar. Yeni kəndin adını isə Aşağı Veysəlli adlandırmağa başlayıblar.
Veysəlli obası Tahirlilər, Bəyimlər, Nurular, Bağırlılar, Hüsənlilər, Sadıxlılar, Hümbətalılar, Ələskərlilər tayfalarından ibarət olub. 1890-cı ildə Veysəlli obasına Qarabulağın Qaraxanbəyli obasından bir tayfa da köçüb.
Veysəlli obasında insanlar əsasən maldarlıqla məşğul olduqlarına görə yayda yaylağa köçürdülər və ilin altı-yeddi ayını Sisiyanda və Şusada yaşayırdılar. Oturaq həyat tərzi sürən tayfalar isə əkinçiliklə məşğul olurdular və öz məhsullarını Şuşada satırdılar.
Veysəlli obası dəfələrlə erməni-rus silahlı dəstələrinin hücumuna məruz qalıb. Bu hücumlar zamanı yüzlərə oba camaatı canını fəda verərək qətlə yetirilsə də, sağ qalan əhalinin çoxu Veysəllini tərk etməyib.
SSRİ dövründə kənd ərazisində “Şəfəq” kolxozu təşkil edilmişdi. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Tarixi abidələrdən XV əsrə aid Mirəli günbəzi qeyd edə bilərik.
1993-ci ildə Aşağı Veysəlli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal dövründə bu ərazidə bioloji terrorizm üzrə qruplar fəaliyyət göstərirdi.
2020-ci ilin 20 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Aşağı Veysəlli sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Aşağı Veysəlli kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.