Urbisid
Mirzəcamallı
Urbisid
Ermənilərin viran qoyduğu Mirzəcamallı kəndi yolumuzu gözləyir
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Füzuli rayonunun Mirzəcamallı kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Oradakı evlərin və tikililərin demək olar ki, hamısı erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılıb.
Məlumat üçün bildirək ki, Mirzəcamallı kəndi Köndələnçayın sahilində, dağətəyi ərazidə yerləşir.
Kəndin ərazisi qədim insan məskənlərindən biri olub. Kəndin yaxınlığında Tunc dövrünə aid 20 kurqandan ibarət Yedditəpə arxeoloji abidəsi, eyni zamanda IV-VI əsrlərə aid daş qutu qəbirlər dediklərimizi sübut edir.
Mirzəcamallı оbası Hacılı camaatına qatılan оbalardan biri idi. XVIII yüzildə Türkman, XIX yüzildə Tərəkəmə adlanırdı. 1842-ci ildən bəri Qarabağ xanlığının baş vəziri Mirzə Camal bəy Məhəmmədxan bəy оğlu Hacılı-Cavanşirin adıyla bağlıdır.
1823-cü ilə aid mənbədə yazılır: “Türkman оbası, оrda nökərlər, bağbanlar və çоbanlardan ibarət 12 tüstü var. Burda 3 tüstü var ki, Mirzə Xanməmmədə məxsusdur”.
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanı məhz Mirzəcamallı kəndinin yaxınlığında yerləşir.
2021-ci il oktyabrın 26-da hava limanının rəsmi açılışı olub. Açılışda Azərbaycan Prezidenti İlham Əliyev və birbaşa təyyarəsi hava limanına eniş edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.
1993-ci ildə Mirzəcamallı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2020-ci ilin 9 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan kənd sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Mirzəcamallı kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.