Urbisid
Merdinli
Urbisid
Pənahəli xan Qarabulaq kəndinin adını niyə Merdinli qoydu?
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Füzuli rayonunun Merdinli kəndidir. İşğal nəticəsində kənd tamamilə dağıdılaraq xarabazara çevrilib. Oradakı evlərin və tikililərin demək olar ki, hamısı erməni barbarları tərəfindən vəhşicəsinə dağıdılıb.
Məlumat üçün bildirək ki, Merdinli kəndi Köndələnçayın sahilində, düzənlik ərazidə yerləşir. Bir çox tədqiqatçının fikrincə, kəndi merdinli nəslinə mənsub ailələr saldığına görə həmin nəslin adı ilə adlandırılıb.
Başqa bir versiyaya görə, Merdinli kəndinin 1750-ci ilə qədərki adı Qarabulaq olub. Digər bir mülahizəyə görə, Qarabağ xanı Pənahəli xan Şuşa qalasını inşa edərkən Qarabağ kəndlərinin hamısına qalanın tikintisi uçun bir dəvə göndərməyi əmr edib. Qarabulaq kəndinin o zamankı bəyi Bəylər bəy kənddəki evlərin sayı qədər dəvə göndərib. Onun bu hərəkəti Pənahəli xanın çox xoşuna gedib və bu kəndə mərdünlü (yəni, mərd səsli) adı verib, Şuşa qalası tikildikdən sonra da bu şəhərin 17 məhəlləsindən biri Mərdünlü adlandırılıb. Sovet hakimiyyəti zamanı hər yerdə merdinli yazılıb, toponim olaraq əzəli mənasından qismən uzaqlaşıb.
Bu kənd Quruçay mədəniyyəti dövrunə aid çoxsaylı nümunələri özündə yaşadıb.
Kəndin əhalisi əvvəllər bir nəslin törəmələri olub. Sonralar nökər qismində başqa bölgələrdən adamlar bəy qapısında işləməyə gələrək bu kənddə məskunlaşıblar. Bəylər bəy, Abbas bəy, Ağa bəy, Xanlar bəy bəylik tayfasının ən tanınmış simaları olublar.
Merdinli оbası Cavanşir-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Xanlıq dönəmində vergi ödəmirdi. 1823-cü ilə bağlı rus mənbəsində yazılır ki, Cavanşir-Dizaq mahalına bağlı Merdinli оbasında dövlətə vergi ödəyən 13 tüstü, vergi ödəməyən Namazalı yüzbaşı 1 tüstü, qardaşları 3 tüstü, kasıb və yetim 2 tüstü var. Şuşa şəhərində isə оbadan 7 tüstü var ki, kasıb оlduğundan vergi ödəmir.
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik, maldarlıq və heyvandarlıq olub.
1993-ci ildə Merdinli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni barbarlar kənddəki evlər və tikililərlə yanaşı qəbirləri də dağıdaraq yerlə yeksan ediblər.
2020-ci ilin 9 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Merdinli sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Merdinli kəndi də tamamilə dağıdıldığından sıfırdan bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.