Urbisid
Yuxarı Seyidəhmədli
Urbisid
Qədim yurd yerimiz - Yuxarı Seyidəhmədli kəndi
Vətən müharibəsində müzəffər Ordumuzun işğaldan, düşmən əsarətindən azad etdiyi kəndlərdən biri də Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndidir. İşğal nəticəsində digər yaşayış məntəqələrimiz kimi bu kənd də dağıdılaraq xarabazara çevrilib.
Məlumat üçün bildirək ki, Quruçayın sol sahilində yerləşən Yuxarı Seyidəhmədli kəndinın yaranması təxminən XVll-XVlll əsrlərə təsadüf edir. Bu kənddə insanlar özlərinə ev tikmək üçün bünövrə qazdıqda bəzi yerlərdə torpağın altında yaşı 3-4 min illərlə ölçülən saxsı qab-qacaq qırıntılarına və qiymətli sikkələrə rast gəlinirdi.
Yaşayış yerinin adı əvvəllər oranın camaatının heyvandarlıqla məşğul olduqlarını və yaylaqlara-qışlaqlara getdiklərini göstərir (Yuxarı Seyidəhmədli, yəni Yuxarı Qışlaq və Aşağı Seyidəhmədli, yəni Aşağı Qışlaq). Sonralar isə bölgənin ən hörmətli və tanınmış din adamı olan Övliya Seyyid Əhməd ağanın adı ilə Seyidəhməd obası və daha sonralar isə Yuxarı və Aşağı Seyidəhmədli kəndləri kimi tanınıb.
Təxminən 400-450 evdən ibarət olan kənddə klub, idarə binası, kitabxana, tibb məntəqəsi və tam orta məktəb var idi. Qonşu Aşağı Seyidəhmədli, Qorqan, Aşağı Aybasanlı, Merdinli və Alxanlı kəndlərinin uşaqları bu kəndin məktəbinə oxumağa gələrdilər. Kəndlə rayon mərkəzi arasında hər gün avtobus işləyərdi.
İşğaldan əvvəl, 1993-cü ildə kəndin 3000-ə yaxın əhalisi olub. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı - əkinçilik, üzümçülük, maldarlıq və heyvandarlıq olub.
1993-ci ildə Yuxarı Seyidəhmədli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi.
2020-ci il noyabrın 7-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bunu böyük sevinclə qarşılayan Yuxarı Seyidəhmədli kəndinin sakinləri öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Lakin bunun reallaşması üçün ilk növbədə ərazilər minalardan təmizlənməli, dağıdılmış evlər, tikililər bərpa olunmalıdır. Bu isə böyük vəsait tələb edir. İşğala məruz qalan digər yüzlərlə kəndimiz kimi Yuxarı Seyidəhmədli kəndi də bərpa olunmalı, yenidən qurulmalıdır.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. İşğala məruz qalmış yüzlərlə yaşayış məntəqəmizin bərpası nəzərdə tutulur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.