Urbisid
Pənahəli xanın sarayı (İmarət)
Urbisid

Qarabağ xanlığının yaradıcısı Pənahəli xanın sarayının bərpası naminə birləşək!
Pənahəli xan Azərbaycan tarixində mühüm yeri olan şəxsiyyətlərdəndir. Belə ki, Qarabağ xanlığının yaradılması onun adı ilə bağlıdır.
1747-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli xan Qarabağ xanlığını yaratdı. O, xanlığı, var-dövlətini və özünü qorumaq üçün ilk olaraq müdafiə tədbirləri gördü və Bayat qalasını tikdirdi.
1748-ci ildə baş verən Bayat savaşından sonra Qarabağ xanlığının ərazisi xeyli genişləndi. Şamaxı, Şəki, İrəvan, Naxçıvan, Təbriz xanlıqları Pənahəli xanın hakimiyyətini qəbul etdi. Pənahəli xan isə öz növbəsində Gəncə, İrəvan, Naxçıvan və Ərdəbili ələ keçirərək onların idarəsini öz adamlarına tapşırdı.
Xalqın hörmətini qazanan xan 1751-ci ildə Tərnəkütdə Şah bulağı deyilən yerdə Şahbulaq, Qarqarçayın sahilində Əsgəran qalalarını inşa etdi və tədricən xanlığın ərazisini əlavə torpaqlar hesabına genişləndirdi. 1752-ci ildə isə daha etibarlı Şuşa qalasını tikdirib onu xanlığın iqamətgahına çevirdi.
Az sonra Pənahəli xan İran taxt-tacı uğrunda daxili çəkişmələrə cəlb edildi. Zənd hakimi Kərim xan Fətəli xanla mübarizədə ona kömək edən Azərbaycan xanlarını, o cümlədən Pənahəli xanı şənlik adı ilə Şiraza dəvət edib əsir götürdü. Pənahəli xan 1763-cü ildə, 69-70 yaşlarında Şirazda vəfat etdi. Vəsiyyətinə görə Qarabağa gətirilib, Ağdamda dəfn еdildi.
Pənahəli xan Bayat, Şahbulaq, Əsgəran və Şuşa qalalarından, eyni zamanda Şuşada yerləşmiş Qarabağ xan sarayından əlavə öz adını daşıyan sarayın - Pənahəli xanın sarayının da yaradıcısıdır.
Qeyd edək ki, Ağdam şəhərində yerləşən sarayın Pənahəli xanın Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə, təxminən 1738-ci ildə inşa edildiyi güman edilir.
İki korpusdan ibarət olan bu saray Pənahəli xanın yay sarayı olub. Əsas korpus, mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış tağtavanlı otaqlardan ibarət idi. Mərkəzi zalın qabağında cənuba istiqamətlənmiş geniş və dəbdəbəli eyvan yerləşirdi. Günbəzli zal divanxana xüsusiyyəti daşıyıb və Pənahəli xan burda qonaqlarını qəbul edib.
Saray yaxınlığında yerləşən İmarət qəbiristanlığında Qarabağ xan nəslinin bir çox nümayəndələri dəfn edilib. Pənahəli xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də bu qəbiristanlıqda yerləşir.
Saray Ermənistanın işğalı altında olduğu dövrdə vandalizmə məruz qalıb. Onu əvvəlcə tövlə kimi, İkinci Qarabağ müharibəsi dövründə isə Azərbaycan ordusunun hədəfinə çevirmək məqsədilə sığınacaq və müdafiə istehkamı kimi istifadə ediblər.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub.
Bərpası nəzərdə tutulan abidə və tikililərin içində Pənahəli xanın sarayının da olacağı şübhə doğurmur. Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bərpa prosesinə öz töhfənizi verə bilərsiniz.
Yaşayış yerindən asılı olmayaraq hər kəs ianə edərək tariximizin bərpasına dəstək ola bilər.
Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.
İanə edək, Qarabağımızı birlikdə dirçəldək!