Urbisid
Qarabağ xalçaları
Urbisid

Qarabağ xalçaları – Azərbaycan mədəniyyətinin incisi
Qədim tarixi və zəngin mədəniyyəti olan Azərbaycan bütün dünyada həm də xalçaları ilə şöhrət tapıb. Bu gün Azərbaycan qadın ustalarının əlləri ilə yaradılan gözəl xalçalar və xalça məmulatları Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərini bəzəyir.
Prezident İlham Əliyev Azərbaycan xalçasını dünyada xalçaçılıq sənətinin etalonu kimi dəyərləndirir: “Mən çoxsaylı xarici səfərlərim zamanı müxtəlif yerlərdə, müxtəlif ölkələrdə prezident saraylarında Azərbaycan xalçasını görmüşəm. Qeyd etmişəm, öz həmkarlarıma bildirmişəm ki, bax bu xalça Azərbaycan xalçasıdır və onlar bunu bilirlər. Yəni, bu gün Azərbaycan xalçası dünyada məhz Azərbaycan xalçası kimi tanınır”.
Azərbaycan xalçalarından söz açarkən Qarabağ xalçaçılıq məktəbini də xüsusi qeyd etməliyik.
Yazılı mənbələrdə ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və başqaları tərəfindən göstərilir ki, hələ X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi tanınan Qarabağın həm dağlıq, həm də aran zonalarında xalçaçılıq sənəti özünəməxsus xüsusiyyətləri ilə fərqlənən inkişaf yolu keçib. Tarixi inkişaf prosesində Qarabağ xalçaçılıq məktəbi öz spesifikliyini qoruyub saxlayıb.
Xalçaçılığın bir sənət növü kimi meydana gəlməsi və inkişafı üçün zəruri şərtlərdən biri olan xammal ehtiyatının bolluğu bölgədə toxuculuğun geniş yayılmasına təkan verib. Ən qədim zamanlardan Qarabağ xalçalarının müxtəlif prosedurlardan keçərək ərsəyə gəlməsi, məişətdə istifadəsi qayğı, diqqət və məhəbbətlə müşayiət olunub. Maraqlı naxış elementləri və təsvirlərlə bəzədilən bu xovlu və xovsuz xalçalar müxtəlif təbəqədən olan insanlara məxsus dəyələrin, çadırların, alaçıqların, yaşayış evlərinin və sarayların divar bəzəklərində, döşənməsində istifadə edilib. Təsadüfi deyil ki, zövq və rahatlıq mənbəyi olan xalçalar Qarabağ bölgəsində var-dövlət göstəricilərindən biri hesab olunub.
Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir. Qarabağ xalçaları həyat eşqi və parlaq koloriti ilə seçilir. Onlar dörd qrupa bölünürlər: medalyonsuz, medalyonlu, namazlıqlar və süjetli.
Qarabağ xalçalarının rəng - boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qarabağ xalçalarının motivləri öz bədii dəyərinə və təsvirinin orijinallığına görə bənzərsizdir.
Bu xalçaların bədii tərtibatına həndəsiləşdirilmiş nəbati naxışlar, rəmzi xarakterli rəsmlər, dekorativ və təsviri sənətin müxtəlif sahələrindən götürülmüş kompozisiyalar daxildir. Azərbaycanın milli ornamenti sayılan buta, həmçinin göl və xonçalar, müxtəlif heyvan (at, pələng, şir, maral, qartal və sair) təsvirləri, təbiət mənzərələri, ov səhnələri Qarabağ xalçalarında geniş istifadə olunub.
XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənmişdi. Bu dövrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyaları üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları – “Bağçadagüllər xalçası”, “Saxsıdagüllər xalçası”, “Bulud xalçası” və s. çeşnilər toxunurdu. Məhz bu dövrdən etibarən Şuşa şəhərində Qarabağ xalçaçılıq məktəbinin yeni inkişaf dövrü başlayır. Şuşa şəhərinin Qarabağ xanlığının paytaxtı olması, mədəniyyət və incəsənət mərkəzi kimi inkişaf etməsi, Qarabağın İran, Türkiyə, Ərəbistan, Hindistan və Rusiya ilə karvan ticarət yollarının qovuşuğunda yerləşməsi burada xalçaçılığın daim təkmilləşməsinə, bədii və texnoloji cəhətdən yüksək səviyyəyə çatmasına zəmin yaradıb.
XIX əsrdə xalça istehsalında Şuşa şəhəri ilə yanaşı Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Çanaxçı, Tuğ, Köhnə Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Dağ Tumas kəndləri əsas rol oynayırdılar.
Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağın dağlıq hissəsinin və ətraf ərazilərin işğal edilməsi bütün sahələr kimi, xalçaçılığa da ağır zərbə vurub. Buna baxmayaraq xalqımız Qarabağ xalçaçılıq məktəbi ənənələrini yaşada bilib.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub.
Şübhə yoxdur ki, xalçaçılıq sənəti yenidən Qarabağımızda inkişaf etdiriləcək, qadınlarımızın zərif əlləri ilə toxuduqları möhtəşəm Qarabağ xalçaları əvvəlki kimi dünyanı heyran edəcək.