Urbisid
Çörək muzeyi
Urbisid

Ağdam Çörək Muzeyi – erməni vandalizminin qurbanlarından biri
Torpağa düşməsin havayı bir dən,
Çörək bol olarsa, basılmaz Vətən!
Tanrı sovqatı olan çörək milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün insanlar üçün müqəddəs nemətdir. Azərbaycanlılar çörəyi hər şeydən üstün tutur, onu duz ilə birlikdə süfrəyə birinci gətirir və süfrədən də axırda aparırlar.
Çörəyə hörmət hər bir azərbaycanlının qanında və canındadır.
Çörəyə olan hörmət və dəyəri xalqımızın Ağdamda çörək muzeyi yaratmasında da özünü büruzə verib. Dünyada ikinci olan və öz unikallığı ilə seçilən Ağdam Çörək Muzeyində vaxtilə çörək və çörək məmulatları, əkinçilik alətləri, mətbəx əşyaları - ümumilikdə 2800-ə yaxın eksponat saxlanılırdı. Muzeydə həm də buğdadan hazırlanmış eksponatlar, müharibə dövrundə uşaqlara verilən çörək kartoçkaları, eləcə də buğda dənələrindən düzəldilmiş Azərbaycan xəritəsi nümayiş olunurdu.
Muzeyin divarlarına vurulmuş “Çörək baha olanda ölüm ucuz olar”, “Qılınc kəsməyəni çörək kəsər” atalar sözləri də çörəyin müqəddəsliyini, gücünü, qüdrətini bir daha ziyarətçilərin yadına salırdı.
Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələrinin 1992-ci il avqustun 12-də saat 16:40-da atdıqları mərmilərdən biri muzeyi məhv edib. Orada saxlanılan 1500-ə qədər eksponat yanıb külə dönüb. 1983-cü ildə yaradılan muzeyin bu gün yalnız xarabalıqları qalıb.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. Bərpası tələb olunan abidə və tikililərin içində Ağdam Çörək Muzeyinin də adı var.
Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.
İanə edək, bolluq və bərəkət rəmzi olan çörəyə hörmət əlaməti olaraq yaradılan Ağdam Çörək Muzeyinə yeni həyat verək, Qarabağımızı daha gözəl bərpa edək!