Urbisid
Topxana meşəsi
Urbisid

Qarabağın baş tacı sayılan Şuşanın nadir sərvətlərindən biri də Topxana meşəsidir.
Bütün mənbələrdə Topxananın adının 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Şuşanı mühasirə etdiyi zaman topların yerləşdirildiyi məkan olması ilə bağlılığı qeyd edilib. “Qarabağnamə”lərdə Qacarın Şuşa üzərinə ikinci yürüşündə topları bu meşədə gizlədib şəhərin müdafiə barısını vurduğu bildirilib. O da qeyd olunub ki, topçular qalanın hündür barısını gündüz topla vurub dağıdır, qaladakılar isə gecə ilə həmin yeri yenidən hörüb bərpa edirdilər. Fransız J.Kevrin “Xacə şah” əsərində də bu haqda məlumata rast gəlinir.
Məlumatlara görə, Qacarın ordusunda Rusiya-Türkiyə müharibələrində də iştirak etmiş Həmid adlı təcrübəli topçu xidmət edib. Onu yanına çağıran Ağa Məhəmməd şah qalanın müdafiə barısını dağıtmaq üçün nə lazım olduğunu xəbər alıb. Həmid müdafiəçilərin bərpa işlərini görə bilməmələri üçün gecə dağıdılmış yerə atəş açmağı gərəkli bilib. Belə də olub. Vəziyyətin bu həddə çatdığını görən İbrahimxəlil xan başda olmaqla bir dəstə süvari qəflətən Topxanaya hücum çəkərək Qacarın toplarını məhv edib. Ancaq İran ordusu Şuşa qalasının yolunu bağladığı üçün xan qalaya dönə bilməyib. Meşənin adına bu hadisədən sonra “Topxana” deyilib.
Şəhər ətrafındakı torpaqların 20 faizini əhatə edən meşədə palıd, fıstıq, qarağac kimi ağaclar bitirdi. Heyvanat aləmi də kifayət qədər zəngin idi. Burada ayı, canavar, tülkü, dovşan, cüyür və digər heyvanlar, kəklik, turac, göyərçin kimi gözəl quşlar yaşayırdı. Əsl təbiət möcüzəsi olan Topxana meşəsinin dərin dərələrində isə bulaqlar axırdı.
Qarabağ münaqişəsi zamanı digər təbiət abidələrimiz kimi Topxana meşəsi də ermənilərin qurbanına çevrilməkdən xilas ola bilmədi. 1988-ci ilin noyabrında erməni təcavüzkarlarının Topxana meşəsini məhv etməyə başladıqları xəbəri bütün Azərbaycanda kəskin etirazlara səbəb oldu.
30 ilə yaxın işğal altında qalmış Topxana meşəsi demək olar ki, dağıdılıb, bitki örtüyü, heyvanat aləmi məhv edildi. İşğal zamanı Topxanadan minlərlə palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşınmaqla yanaşı həm də xarici ölkələrə satıldı. Qiymətli ağacların bir hissəsi isə tikinti işlərində istifadə edildi. Bütün bunların nəticəsində Şuşanın Cıdır düzündə, “Ağzı yastı” kaha adlanan yerin qarşısında Topxana meşə qoruğu zonasında geniş düzənlik yarandı. Təbii qaz olmadığından işğalçı ermənilər həm də meşələrimizdən yanacaq kimi istifadə etdilər.
Hazırda mənfur qonşularımız tərəfindən Qarabağ bölgəsində məhv edilmiş yaşıllıq massivlərinin yenidən bərpasına istiqamətində zəruri tədbirlər görülməkdədir. Şübhə yoxdur ki, Topxana meşəsi də tezliklə bərpa ediləcək və Qarabağın ən dilbər guşələrindən birinə çevriləcək.