Urbisid
Zəngilanın çinar meşəsi
Urbisid

Şərq çinarı dünyanın bir sıra bölgələrində, o cümlədən Balkan yarımadasının dağ ətəklərində, Aralıq və Egey dənizləri sahillərində, Kipr, Krit və Rodos adalarında, kiçik və orta Asiyada, o cümlədən Cənubi Qafqazda geniş yayılıb.
Ölkəmizdə isə əsasən Zəngilan rayonu ərazisində bitir. Belə ki, Zəngəzur silsiləsinin Şərq yamaclarından başlamaqla Bəsitçayın hövzəsi boyunca 12-15 kilometr ərazidə yayılıb.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) zamanında sahəsi 120 hektara yaxın olan Zəngilanın çinar meşəsi bütünlüklə Azərbaycana məxsus idi. Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Zəngəzur torpaqlarının Ermənistana verilməsi ilə Bəsitçay vadisindəki çinar meşəsinin bir hissəsi – Xaçın çay və Şixavuz çay vadiləri boyunca yayılan ağacları indiki Ermənistanın Qafan rayonunun ərazisində qaldı. Beləliklə, ermənilər keçmiş sovet himayədarlarının əli ilə çinar meşəsinin də bir hissəsini işğal etdilər.
Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbiət abidəsi olan çinar meşəsini qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyul tarixli qərarına əsasən Zəngilan rayonunun ərazisində 117 hektar sahəni əhatə edən Bəsitçay Dövlət Təbiət Qoruğu yaradıldı.
Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi sahəsinə, ağacların fiziki sağlamlığına və görünüşünə görə Kanadadan sonra dünyada ikinci, Avropada isə birinci meşədir. Öz unikallığı ilə təkcə rayonun deyil, bütün Azərbaycanın flora-faunasının zənginliyində mühüm yer tutur.
Bir çox müəlliflər və coğrafiyaşünaslar Zəngilan çinarını gözəlliyinə, nadir bioekoloji əlamətinə görə bənzərsiz hesab edirlər və onu Şərqin florasının mirvarisi, möhtəşəm gövdəsinə və əzəmətli çətirinə görə isə Cənubun nəhəng ağacı adlandırırlar.
Barmaqyarpaqlı çinar da adlandırılan Şərq çinarı tez böyüyən, susuzluğa davamlı və uzunömürlü ağaclar sırasına daxildir. 2-3 min ilə qədər yaşaya bilir.
Çinar ağacı müxtəlif məqsədlər üçün istifadə baxımından da olduqca dəyərli hesab edilir. Onun materiallarından tikinti materialı kimi, parket, mebel istehsalında, gəmiqayırmada və həmçinin dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir.
İşğal nəticəsində digər tarixi və mədəni abidələrimizlə yanaşı, rayonun təbiətinə ciddi ziyan vurulub, Zəngilan çinar meşəsi də mənfur qonşularımız tərəfindən talan edilib. Çoxyaşlı qiymətli Şərq çinarı ağacları kəsilib, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib.
Əminliklə deyə bilərik ki, Zəngilanın çinar meşəsi də tezliklə bərpa ediləcək və əvvəlki şöhrətini, gözəlliyini və füsunkarlığını özünə qaytaracaq.