Urbisid
Cümə məscidi
Urbisid

Ağdamın qara günlərinin canlı şahidi - Cümə məscidi
Qarabağın giriş qapısı hesab olunan Ağdamın məşhur tarixi-mədəniyyət abidələrindən biri də Cümə məscididir.
Qarabağın özünəməxsus dini memarlığının monumental örnəklərindən hesab olunan məscid Kərbəlayi Səfixan Qarabaği adlı memar tərəfindən 1868-1870-ci illərdə tikilib.
Memarlıq quruluşuna gəlincə, Ağdam Cümə məscidinin ibadət salonunun planının əsasını ortasında dörd sütun olan ənənəvi kvadrat forma təşkil edir. Kvadratın şərq və qərb tərəflərinin hər birində qurulmuş üç dərin taxça sırası salonun sahəsini genişləndirərək ona düzbucaqlı forma verib.
İbadət salonunun cənub divarının ortasında uca mehrab tağçası quraşdırılıb. Yan tağçaların üstü interyerə yönələn eyvan şəklində olub qadınların ibadəti üçün nəzərdə tutulub. İbadət salonu yan eyvanların ortalarında və mehrab tağçasının yanlarında olan pəncərələrdən işıqlanır.
İbadət salonunun interyer tərtibatı çox ciddi olub kamil tektonik quruluşun bədii effekti ilə diqqəti cəlb edir. Sadə bəzəkli mehrab tağçasının üzərindəki kitabədə dekor ustasının adı (mərhum Kərbəlayi Nəqqaş Təbrizinin oğlu ustad Məhəmməd Nəqqaş Təbrizi) və təmir tarixi (hicri 1331, miladi 1913-cü il) yazılıb.
1993-cü ildə Ağdamın ermənilər tərəfindən işğalından sonra məscid qismən dağıdılıb, interyeri, eləcə də xarici divarları yararsız hala salınıb.
Ağdam şəhərində tam dağıdılmayan tək tikili olan məscidin minarələri daxildən tamamilə sökülüb, tavanı bir neçə yerdən uçurdulub, daxili tərtibatı, dizayn və divar yazıları pozulub, hücrələri və yardımçı otaqları uçurdulub, komunal və komunikasiya xətləri dağıdılaraq tamamilə yararsız hala salınıb. Məscidin bəzək əşyaları, texniki avadanlıqları, qurğuları, bərk və yumuşaq inventarları qarət edilərək Ermənistana aparılıb.
Ermənilər məscidin ibadət zalından və yardımçı otaqlarından mal-qara və donuzların saxlanması, yəni tövlə kimi istifadə ediblər.
Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilib.
Təsadüfi deyil ki, müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Prezident, Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş torpaqlara ilk səfərini Ağdamdan, məhz Ağdam Cümə məscidindən başlayıb.
Hazırda işğaldan azad olunan torpaqlarımızda böyük quruculuq, abadlıq işləri aparılır. Cümə məscidində də əsaslı bərpa işləri davam etməkdədir.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də Cümə məscidi kimi ermənilər tərəfindən dağıdılan digər məscidlərimizin, dini abidələrimizin bərpasına öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.