Urbisid
Fərhadın heykəli
Urbisid

Sevgi və sədaqət rəmzi olan “Fərhad”a əzəmətini qaytaracağıq
Sasani hökmdarı Xosrov şahzadə Şirinə vurulur. Amma xəbər tutur ki, gənc memar Fərhad da Şirinə aşiqdir. Buna bərk qəzəblənən hökmdar Fərhadı yanına çağırıb sevgisindən əl çəkməsini tələb edir.
Amma gənc memar Şirindən imtina etməyəcəyini deyir. Belə olduqda, hökmdar hiyləyə əl atır. Fərhada deyir ki, əgər o, Bisutun qayasını çapıb ordan yol çəkərsə Şirin onun olacaq, Xosrov özü isə Şirindən imtina edəcək.
Bisutunu çapmaq nə qədər ağlasığmaz görünsə də, Fərhad işə başlayır. Qollarını çırmayıb qayanı çapır və ordan Şirinin evinə süd arxı çəkir. Qasidlər Xosrova xəbər aparır ki, Fərhad işi bitirmək üzrədir. Məğlub olacağını anlayan Xosrov Fərhada Şirinin öldüyü barədə yalan xəbər göndərir. Bu xəbərə dözməyən Fərhad külüngünü son dəfə öz sinəsinə sancaraq həlak olur.
Bu təsirli sevgi və sədaqət hekayəsi müdrik Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasındandır. İllər sonra böyük şairimiz Səməd Vurğun da bu hekayənin əsasında “Fərhad və Şirin” poemasını yazmışdı.
1959-cu ildə Ağdamda ucaldılan “Fərhad” heykəlinin yaranma tarixçəsi də bu sevgi hekayəsi ilə bağlıdır. Gənc memar, nakam sevgili Fərhadın romantikası Xalq rəssamı Tokay Məmmadovu laqeyd qoymamış, rəssam əzəmətli, əli külünglü, daş çapan “Fərhadı” sanki bütün gənc memarların avtoportreti kimi yaratmışdı.
Təəssüf ki, Qarabağdakı saysız-hesabsız digər sənət nümunələrimiz kimi “Fərhad” da erməni vandalizminin qurbanı oldu.
Heykəlin məhv edilməsi barədə məlumatı fotoqraf Reza Deqati yaymışdı. Deqati Ağdamda ermənilər tərəfindən məhv edilən mədəni irsimizə aid nümunələri əks etdirən fotoları “Ağdam - XXI əsrin Xirosiması: Mədəni Genosid” başlığı ilə paylaşmışdı.
Biz Qarabağı bərpa edəndə, onu dirçəldəndə, əvvəlki əzəmətini, gözəlliyini və romantikasını özünə qaytaracağımız incilərdən biri də “Fərhad” heykəlidir. Bu, bizim həm ədəbiyyatımız, həm də rəssamlıq, heykəltəraşlıq sənətimiz qarşısındakı borcumuzdur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.
İanə edək, əsl sevgi və sədaqət rəmzi sayılan “Fərhad” heykəlinə yeni həyat verək, Qarabağımızı birlikdə dirçəldək!