Urbisid
Araz qəzetinin redaksiyası
Urbisid

“Araz” qəzetinin redaksiyası bərpa olunacağı günü gözləyir
“Günəş çıxmaya bilər, amma qəzet mütləq çıxmalıdır”. Bu, vaxtilə Füzulidə nəşr olunan “Araz” qəzetinin devizidir.
Əsası 1931-ci ildə Füzulidə qoyulmuş “Araz” qəzeti Ermənistanın işğalından öncə regionda hamının abunə olduğu və oxuduğu əsas media orqanı olub. Rayon mətbəəsində həftədə üç dəfə olmaqla 3500-4000 nüsxə tirajla çıxıb.
Qəzet 1966-cı ilə qədər “Qızıl Araz” adı ilə nəşr olunub. 1966-cı ildən sonra isə “Araz” adı ilə nəşrini davam etdirib. Son illər isə qəzet “Qarabulaq”, daha sonra “Qayıdış” adı ilə dərc edilir.
Qəzetin 500-ə yaxın nüsxəsi hazırda Füzuli rayonunun Horadiz qəsəbəsində fəaliyyət göstərən Tarix Diyarşünaslıq Muzeyində qorunub, saxlanılır.
Qəzetin redaksiyasının binası isə tarix memarlıq abidəsi idi. Ermənistan işğal dövründə Füzulidə “Araz” qəzetinin redaksiyasını da məhv edib. Bina erməni vandalizmi nəticəsində dağılıb, tamam yararsız hala düşüb, təkcə fasadın bir hissəsi yerindədir.
Qeyd edək ki, müzəffər Ordumuz Füzulini azad etdikdən sonra üçrəngli bayrağımız qələbə rəmzi kimi məhz “Araz” qəzetinin binasına sancılmışdı.
Müzəffər Ordumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub. Bərpası nəzərdə tutulan abidə və tikililərin içində “Araz” qəzetinin redaksiyasının da olacağı şübhə doğurmur.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə siz də bu işə öz töhfənizi verə bilərsiniz. Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.