Urbisid
Bəsitçay Dövlət Təbiət Qoruğu
Urbisid

Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılıb. 107 hektar ərazini əhatə edən və əsasən Azərbaycan təbiətinin nadir incilərindən olan Şərq çinarının qorunması məqsədilə təşkil edilən qoruq ərazisində qoz, dağdağan, tut, söyüd, qovaq və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan və s. kol bitkiləri də geniş yayılıb.
Ərazisinə görə ölkəmizdəki qoruqların ən kiçiyi olan Bəsitçay qoruğunda və ətraf sahələrində canavar, çöl donuzu, porsuq, cüyür, dovşan kimi heyvanlara, kəklik, turac, göyərçin kimi quşlara rast gəlinir.
Qoruğun adı dərəsində yerləşdiyi çayın adı ilə bağlıdır. Bəsitçayın adı isə monqol mənşəli olub, beysut tayfasının adını daşıyır. Görünür həmin regionda vaxtilə beysut tayfası məskunlaşıb.
Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanıb.
Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. İllik yağıntının miqdarı 600 mm-dir.
Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarı çinar meşələri olub. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşib. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılıb. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 metr, orta diametri isə 1 metrdir.
İşğal zamanı qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahənin 42 hektardan çox hissəsi tamamilə məhv edilib. Çoxyaşlı qiymətli Şərq çinarı ağacları kəsilib, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib və qoruğun inzibati binası dağıdılıb.
İkinci Qarabağ Müharibəsi zamanı digər ərazilərimiz kimi Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisi də düşmən işğalından azad edilib. Hazırda dövlət tərəfindən digər təbiət əraziləri kimi Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinin də bərpası üçün tədbirlər görülür.