Urbisid
Ağdam Dövlət Dram Teatrı
Urbisid

Ağdam Dövlət Dram Teatrının acı keçmişi və ümüdlü gələcəyi
Teatr mədəniyyət beşiyi, incəsənət bəbədgahıdır. Lakin təəssüf ki, bütün dünyada belə yüksək dəyər verilməsi onu bəlalardan, dağıntılardan xilas etmir. Elə Ağdam Dövlət Dram Teatrı kimi.
Ağdam Dövlət Dram Teatrı 1902-ci ildə Qarabağ ziyalıları və Ə.Haqverdiyevin köməkliyi və yaxından iştirakı ilə yaradılıb.
İki illik gərgin işdən sonra 1904-cü ildə M.F. Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” və Ə.Haqverdiyevin “Dağılan tifaq” pyeslərinin tamaşaları ilə teatr tamaşaçıların üzünə açılıb. Bura 1923-cü ilə qədər ictimai əsaslarla dram dərnəyi kimi fəaliyyət göstərsə də, həmin ildən etibarən rəsmi olaraq teatr kimi öz işinə davam edib.
1923-1948-ci illər ərzində Ağdam Dövlət Dram Teatrı çox aktiv fəaliyyət göstərib. Həmin illərdə bir sıra xarici əsərlərin tamaşaları səhnələşdirilib. Eyni zamanda dram əsərləri ilə yanaşı “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları da hazırlanıb. O zamanlar dövrün bir sıra görkəmli ziyalıları bu teatrda cəmləşib.
Teatrda müxtəlif illərdə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları, “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları tamaşaya qoyulub. Bu tamaşalarda Ə. Ağdamski, Q. Muradov və başqa görkəmli aktyorlar iştirak ediblər.
1948-ci ildə bir çox bölgə teatrları kimi, Ağdam Dövlət Dram Teatrının da fəaliyyəti dayandırılıb. O dövrlərdə xalq teatrı səviyyəsində işini davam etdirən teatrda 1948-1968-ci illər ərzində klassik dram əsərləri ilə yanaşı opera nümunələri də göstərilib.
1968-ci ildə Azərbaycan SSR Nazirlər Kabineti Mingəçevir və Sumqayıt şəhərlərində Dövlət Dram teatrlarının yaradılması, Ağdam Dövlət Dram Teatrının isə fəaliyyətinin bərpa edilməsi haqqında qərar verir. Beləliklə də teatr Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı olaraq fəaliyyətə başlayıb. Bir ildən sonra, 1969-cu ildə İlyas Əfəndiyevin “Boy çiçəyi” və Bəxtiyar Vahabzadənin “Vicdan” əsərləri ilə teatr işini davam etdirməyə başlayıb.
Teatrın möhtəşəm, unikal bir memarlıq abidəsi sayılan binası Ağdam şəhərinin mərkəzində yerləşirdi. Binanın qarşısında dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Fərhad və Şirin” əsərinin personajı olan Fərhadın heykəli ucaldılmışdı.
Ağdamın mərkəzinin işğalından sonra teatr müxtəlif məkanlarda, hazırda isə Quzanlı qəsəbəsində fəaliyyət göstərir. Teatrın əsas binası isə işğal zamanı erməni vandalları tərəfindən dağıdılıb.
Müzəffər Ordumuzun Vətən müharibəsində möhtəşəm qələbəsindən sonra Qarabağ yeni mərhələyə - dirçəliş mərhələsinə qədəm qoyub.
Bərpası tələb olunan abidə və tikililərin içində Ağdam Dövlət Dram Teatrının da adı var.
Qarabağ Dirçəliş Fonduna ianə etməklə Siz də bu işə öz töhfənizi verə bilərsiz.
Fonda ianələrin köçürülməsi imkanları haqqında daha ətraflı məlumatı https://qdf.gov.az/iane-et/ linkinə daxil olaraq əldə etmək mümkündür.
Ağdam şəhəri yenidən bərpa olunandan sonra Ağdam Dövlət Dram Teatrı da öz yerinə qayıdacaq və yeni-yeni səhnə əsərləri ilə yenidən tamaşaçıları sevindirəcək.
İanə edək, həsrətlə tamaşaçılarını gözləyən Ağdam Dövlət Dram Teatrının viran edilmiş binasına yeni həyat verək, Qarabağımızı daha gözəl bərpa edək!